UEFA Türkiyənin “Beşiktaş” klubunu cəzalandıra bilər.
Sportarena.az xəbər verir ki, İstanbul nəhəngi UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniya çempionu “Bavariya” ilə cavab matçı zamanı təşkilati məsələlərdə yol verdiyi qüsurlara görə cəzalandırılacaq. Artıq qitə futbol qurumunun İntizam Komitəsi bu məsələ ilə bağlı “Beşiktaş”a iş açıb.
Belə ki, “qara qartallar” təhlükəsizliyi yüksək səviyyədə təşkil etməməkdə günahlandırılır. Bundan əlavə, türkiyəli azarkeşlər meydana yad əşyalar da atıblar. Üstəlik, tribunalarda hətta pilləkənlərdə də azarkeşlərin yer alması UEFA nümayəndələrinin diqqətindən yayınmayıb.
Xatırladaq ki, “Beşiktaş” – “Bavariya” matçı İstanbul klubunun 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Münhendəki ilk qarşılamada da rəqibinə 0:5 hesabıyla uduzan “qara qartallar” iki oyunun nəticəsinə görə ÇL-dən kənarda qalıb.