Millimizin futbolçusu Araz Abdullayev jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, “Anortosis” klubunun futbolçusu milli komandamızın Belarusa qarşı keçirəcəyi yoxlama oyunu öncəsi təşkil olunan brifinqdə müxtəlif məqamlara toxunub:
- Əvvəlcə hazırlıqla bağlı məlumat verərdiz…
- Hazırlıq yaxşı gedir. Qurban müəllimin rəhbərliyi altında taktiki cəhətdən çalışırıq. Elə məşqlər edirik ki, komanda çox yüklənməsin.
- Rəqib haqda nə düşünürsüz?
- Yaxşı, layiqli rəqibdi. İstəyirik ki, Azərbaycan xalqına gözəl oyun nümayiş etdirək. Birinci məqsədimiz budu. Sonra da əlimizdən gələn qədər yaxşı nəticə qazanmağa çalışacağıq.
- Kipr mətbuatında “Anortosis”in sizi 150 min avro qarşılığında “Qəbələ”dən birdəfəlik transfer etmək istədiyi yazılıb. Bu dəqiqə klubla durumunuz necədi?
- İndi millidəyik, bütün fikrimi yığmaya yönəltmişəm. Hazırda klub haqda düşünmürəm. Qarşımızda iki oyun var. Bu matçlarda yaxşı nəticələr qazandıqdan sonra dediyiniz məsələ ilə bağlı danışmaq olar.
- Zədədən sonra formanızı tam olaraq bərpa edə bilmisiz?
- Çalışıram. Əlavə məşqlər də edirəm ki, çatışmazlığı aradan qaldırım. Əlimdən gələni edəcəm ki, bu iki oyunda formamı yaxşılaşdırım, daha da qabağa gedim.
- Xaricdə yaşamaq, oranın çempionatda çıxış etmək futbolçu və insan kimi sizə nə verdi?
- Xaricdə oynayanda özünəinamın daha çox olur. Çalışıram ki, yaxşı oyunum, qollarım, ötürmələrimlə azərbaycanlıları qürürlandırım.
- Qurban Qurbanovun əvvəl birgə işlədiyiniz məşqçilərdən fərqi nədədi?
- Qurban müəllim daha sakit başa salır. Taktiki gedişlər haqda hər bir oyunçu ilə söhbət edir. Qurban müəllimlə əvvəl işləməmişəm. Şəxsi tanışlığımız çox yox idi. Amma tanıdıqdan sonra o insana hörmətim daha da artdı.
- Qurban müəllimlə legioner karyeranız haqda söhbətiniz olubmu?
- Xeyr. Ancaq oyunla bağlı danışırıq.