İngiltərənin “Mançester Yunayted” klubu hücumçu Zlatan İbrahimoviçlə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda tərəflərin qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdiyi bildirilir. Mançester klubu isveçli forvarda indiyə qədər göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib.
Son dövrlər zədə səbəbindən oynamayan futbolçunun vaxtından öncə komandadan göndərilməsinin dəqiq səbəbi isə açıqlanmır. Lakin bir gün öncə İbrahimoviçin Avropanın məşhur bukmeker kontorlarından biri ilə əməkdaşlıq etdiyi və buna görə sərt cəzalanacağı barədə xəbərlər yayılmışdı. İstisna deyil ki, onun MY-dən göndərilməsinə məhz bu söz-söhbət səbəb olub.
İbrahimoviç 2016-cı ilin yayında fransanın PSJ klubundan “Mançester Yunayted”ə azad agent kimi transfer edilmişdi. Bu mövsüm 36 yaşlı hücumçu İngiltərə Premyer Liqasının yalnız 5 oyununda meydana çıxıb. İbrahimoviçin klubla müqaviləsi gələn yay başa çatacaqdı.
İsveçli futbolçunun karyerasını ABŞ-ın "Los Ancels Qeleksi" klubunda davam etdirəcəyi bildirilir.