Məşqçilər Komitəsinin üzvlərinin sayı get-gedə azalır. Xatırlayırsızsa, üç il əvvəl komitə fəaliyyətə yeni başlayanda, üzvlərin sayı beş nəfər idi: Ağasəlim Mircavadov, Böyükağa Hacıyev, Vaqif Sadıqov, Şahin Diniyev və Şakir Qəribov.
Sportarena.az xəbər verir ki, 2015-in yayında Diniyev “Kəpəz”ə baş məşqçi təyin olunandan sonra üzvlərin sayı azaldı.
Belədə yeni mütəxəssis cəlb olunmadı və komitə işini dörd nəfərlə davam etdirdi. Bu dəfə isə daha bir nəfər komitəni özü də istəmədən tərk etməli oldu. Söhbətin rəhmətlik Böyükağa Hacıyevdən getdiyini, yəqin ki, anladız. Düzdü, Hacıyev iki aya yaxındı müalicəsini xəstəxanada davam etdirirdi, onsuz da komitədə çalışmırdı. Lakin sağ ikən yerinə kimisə təyin etmək etik cəhətdən düzgün olmazdı.
Hacıyevin haqq dünyasına qovuşduğunu nəzərə alsaq, Məşqçilər Komitəsinin yaranmış boşluğu kimin hesabına və nə vaxt dolduracağı maraq doğurur. Suala cavab tapmaq üçün komitənin sədri Vaqif Sadıqovu aradıq: “Bu gün dediyiniz məsələ ilə bağlı plan yoxdu. Üç nəfərik və bu heyətlə də davam edəcəyik. Gələcəkdə nə olacaq, onu artıq zaman göstərəcək. Yəni hazırda bu mövzu müzakirə olunmur”. ("Futbol plus" qəzeti)