Milli komandamızın yarımmüdafiəçisi Namiq Ələsgərov Belarusla yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az sizi həmin müsahibə ilə tanış edir:
- Oyun haqqında nə deyə bilərsiz? Sizcə, məğlubiyyətdən qaçmağa nə mane oldu?
- Matça yaxşı başlamışdıq, pis oynamadıq, amma əlimizə düşən imkanlardan yararlana bilmədik. Rəqib isə fürsətini yaxşı dəyərləndirdi.
- Necə düşünürsən, çıxışınız Qurban Qurbanovu razı saldımı?
- Deyə bilmərəm ki, ən yaxşı oyunumuz idi. Ümumi götürəndə pis deyildik. Yeni baş məşqçimiz var, tədricən daha yaxşı olacağını düşünürük.
- Bəzi epizodlarda azarkeşlər komandanı fitə basırdı...
- Onları da başa düşmək lazımdı. Biz də onlar kimi ancaq qələbə qazanmaq istəyirdik, amma alınmadı. Bir az vaxta ehtiyacımız var.
- Zamanla uyğunlaşma olacaq deyirsiz, amma nəzərə alsaq ki, sentyabrda Millətlər Liqası başlayır, o vaxta kimi hazır ola biləcəksiz?
- Bütün yoldaşlıq oyunlarının məqsədi həmin turnirə hazırlaşmaqdı. Düşünürəm ki, o vaxta kimi daha yaxşı vəziyyətdə olacağıq.
- Bu gün millidə debüt edən oyunçulardan kimisə fərqləndirə bilərsən?
- Kimisə fərqləndirməyim düzgün olmaz. Məncə, hamı yaxşı oynadı.
- Bir hissədə bir, ikinci hissədə digər cinahda oynadın. Səncə, hansında çıxışın daha yaxşı alındı?
- Hər iki tərəfdə oyunum tam istədiyim kimi alınmadı. Komandamıza daha çox xeyir vermək istəyirdim.
- Qurban Qurbanovun rəhbərliyi ilə millidə ilk oyununa çıxırdı. Əvvəlki dövrlə müqayisədə hansı fərqlər var idi?
- İndi ab-hava çox yaxşıdı. Əsas məsələ oyunçuların nizam-intizamıdı. Baş məşqçi məşqlərdə də hamıdan əzmkarlıq tələb edir.
- Millətlər Liqasında komanda nəsə edə bilərmi?
- Rəqiblərimiz güclüdülər. Hər komandadan nəticə gözləmək olar. Çətin olacaq, amma biz də çalışırıq ki, ona qədər hazır olaq.