Kamran Ağayev: "Düzgün oynamadıq deyə qol vurdular"

10:52 24 Mart 2018

Milli komandamızın qapıçısı Kamran Ağayev Belarusla oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyətlə bağlı fikirlərini bölüşüb:

 

- Matçla bağlı nə deyə bilərsən?
- Hələ oyunu analiz etməmişik. Ona görə nəsə demək düzgün olmaz. Amma meydanda gördüyüm qədərilə düşünmürəm ki, yaxşı oynadıq. Rəqibin elə də güclü hücumları olmadı. Sadəcə, ilk hissədə düzgün oynamadıq deyə qol vurdular. İkinci hissədə hücuma çıxanda rəqib əks-hücumda yaxaladı, bir epizodları oldu. Baş məşqçi analiz edəndən sonra fikirlərini bildirəcək.

 

- Oyundan sonra Qurban Qurbanov irad bildirdimi?
- Təbii ki, yaxşı da, pis də oynasaq, uduzmuşuqsa, baş məşqçinin iradı olacaq.

 

- İlk hissədə bir epizodda sanki yüngül zədələndin...
- Köhnə zədəm idi, bərpa olunub, bu sadəcə oyun anında kiçik bir ağrı idi. Bir anlıq olur, ciddi bir şey yoxdu.

 

- Qarşıda Makedoniya ilə oyun var. Nəzərə alsaq, onların heyəti də güclüdü...
- Hazırlaşırıq, yoxlama matçı olsa da, çalışacağıq ki, əlimizdən gələni edək, qalib gələk. Makedoniya səviyyə baxımından bizdən üstün olsa da, vuruşub qələbə qazanmalıyıq.

 

- Bir çox məşqçilərlə çalışmısan, Qurban Qurbanovun onlardan hansı fərqli cəhətləri var?
- Bu sualı çox veriblər. Pis sual deyil, amma açıqlamaq düzgün olmaz. Bütün insanlar kimi, məşqçilər də fərqlidilər. Onların tələbləri də müxtəlif olur.


Digər xəbərlər

Xəbər xətti