Sabah - martın 27-də Azərbaycan millisi Türkiyənin Antalya şəhərində Makedoniya ilə yoldaşlıq oyununda üz-üzə gələcək.
Sportarena.az xəbər verir ki, rəqib yığmamız üçün yad komanda deyil. Əvvəlki illərdə bu komandaların yolları 6 dəfə kəsişib. Bu görüşlərin heç birində millimiz qələbə qazana bilməyib. Cəmi bir oyunda heç-heçə edən millimiz 5 dəfə məğlub olub. Göründüyü kimi makedonlar millimiz üçün heç də uğurlu rəqib deyil.
Tərəflər ilk dəfə 2000-ci ildə yoldaşlıq görüşündə üz-üzə gəlib. İyulun 27-də Bolqarıstanın Varna şəhərində keçirilən oyunda komandamız 2:1 hesabı ilə üz-üzə gəlib. Həmin ilin oktyabrın 6-da isə sözügedən komandalar rəsmi görüşdə - DÇ-2002-nin seçmə mərhələsində üz-üzə gəliblər. Makedonlar bu görüşdə 3:0 hesablı qələbəyə seviniblər. 2001-ci ilin sentyabrın 5-də Bakıda keçirilən görüşdə isə tərəflər 1:1 hesablı heç-heçəyə razılaşıblar.
Bu komandalar növbəti dəfə yoldaşlıq görüşü çərçivəsində 2010-cu ildə Avstriyada üz-üzə gəliblər. Berti Foqtsun rəhbərlik etdiyi komanda 1:3 hesablı məğlubiyyətə üzülüb. Futbolçularımız bu görüşdə 2 dəfə fərqləniblər. Hazırda Elvin Məmmədov rəqiq qapıçını məyus etsə də, kapitan Rəşad Sadiqov avtoqolla yadda qalmışdı. Bu komandaların növbəti dueli 2011-ci ildə Bakıda keçirilib. Rəqibimiz adəti üzrə qələbə qazanmağı bacarıb - 0:1. Sonuncu dəfə 2016-cı ildə Avstriyada üz-üzə gələn komandaların duelində də "sarı-qırmızılar" sevinən tərəf olub - 1:3.
27.07.2000 Makedoniya - Azərbaycan 2:1 (YO)
06.10.2000 Makedoniya – Azərbaycan 3:0 (DÇ-2002)
05.09.2001 Azərbaycan – Makedoniya 1:1 (DÇ-2002)
29.05.2010 Azərbaycan – Makedoniya 1:3 (YO) (Ivan Triçkovski, 27. Rəşad Sadıqov 66-ö/q. Mario Đurovski, 88 - Elvin Məmmədov, 89)
10.08.2011 Azərbaycan – Makedoniya 0:1 (YO) (Qoran Pandev, 57)
29.05.2016 Azərbaycan – Makedoniya 1:3 (YO) (Maryan Radeski, 19. Qoran Pandev, 33. İliya Nestorovski, 90 - Əfran İsmayılov 73-p)
Göründüyü kimi, Makedoniya millimiz üçün heç də arzuolunan rəqib deyil. Ancaq yeni baş məqçi Qurban Qurbanovun rəhbərliyi altında yeni dönəmə qədəm qoyan komandamızın Antalyada uğursuz statistikaya son qoyacağına ümid etmək olar.
Qeyd edək ki, Makedoniya ilə qarşılaşma martın 27-də Antalyadakı “Mardan” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşmanı Halis Özkahyanın başçılıq etdiyi Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Bu oyunda Türkiyə Futbol Federasiyasının xahişi ilə VAR sistemindən (videotəkrar) istifadə olunacaq. Bu, Türkiyə futbolu tarixində ilk olacaq.
Heybət Məmmədov