Makedoniya ilə yoldaşlıq oyununda millimizin qapısına penalti təyin olunan zaman matçın baş hakimi Halis Özkahya ilə VAR (videotəkrar) hakimi Cüneyt Çakırın dialoqu yayılıb.
Sportarena.az xəbər verir ki, iki referi arasındakı danışığı Hakimlər Komitəsinin sədri Yusuf Namoğlu yerli mətbuata açıqlayıb. Onun sözlərinə görə, Çakırın müdaxiləsindən sonra Özkahya 11 metrlik nöqtəni göstərib:
Cüneyt Çakır: "Halis, gözlə, epizodun təkrarına baxırıq. Nəyə görə cərimə zərbəsi təyin etdin?"
Halis Özkahya: "Ayaqla toxunuşa görə".
Cüneyt Çakır: "Epizodu incələdik, toxunuş cərimə meydançasının içində olub, penalti təyin edə bilərsən. Sənin izləməyinə ehtiyac yoxdur. İşarə ver və penalti nöqtəsini göstər".
Namoğlu daha sonra sözlərinə bu cür davam edib: "Bundan sonra qərar dəyişdi, Makedoniya penalti vurmaq hüququ qazandı. Və heç bir azərbaycanlı futbolçu buna etiraz etmədi".
Qeyd edək ki, Azərbaycan - Makedoniya matçının 21-ci dəqiqəsində görüşün baş hakimi Halis Özkahya millimizin qapısına cərimə zərbəsi təyin edib. Lakin VAR (videotəkrar) hakimləri Cüneyt Çakır və Hüseyin Göçek epizodun təkrarını izlədikdən sonra qayda pozuntusunun cərimə meydançası kənarında yox, daxilində olduğunu bildirib. Bundan sonra baş hakim əvvəlki qərarını dəyişərək, millimizin qapısına penalti təyin edib. Rəqib isə penaltini dəqiq yerinə yetirib. Görüş 1:1 hesabı ilə başa çatıb.