Səudiyyə Ərəbistanı millisinin ulduzu Məhəmməd Əl-Sahlavi İngiltərə Premyer Liqasında mübarizə aparan "Mançester Yunayted"in heyətində məşqlərə çıxacaq.
Sportarena.az xəbər verir ki, 31 yaşlı forvard "qırmızı şeytanlar"ın heyətində 3 həftəlik baxışdan keçəcək. Bu barədə Səudiyyə Ərəbistanın idman naziri Turki Əl-Şeyx "twitter" hesabında məlumat verib: "Məhəmməd Əl-Sahlavi "Mançester Yunayted"də 3 həftəlik yoxlanış xarakterli məşqlərdə iştirak edəcək. Bununla bağlı razılıq əldə edildi".
Əl-Sahlavi ölkəsinin "Əl-Nasr" klubunda çıxış edir. İngiltərə mətbuatının məlumatına görə, bu keçidlə bağlı "Mançester Yunayted"in çalışdırıcısı Joze Mourinyonun heç bir bilgisi yoxdur. "Əl-Nasr"la "Mançester Yunayted" arasında anlaşmaya əsasən, hücumçu "qırmızı şeytanlar"ın düşərgəsinə yollanıb.
Təcrübəli forvard bu mövsüm 19 oyuna 10 qol vurub. Dünya çempionatında Səudiyyə Ərəbistanın qol silahı kimi göstərilən futbolçu millinin heyətində 33 oyuna 26 qol vuraraq diqqətləri öz üzərinə çəkməyi bacarıb.