“Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Sportarena.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 0:0 hesabıyla başa çatan oyundan sonra bunları söyləyib:
“Fasilə müddətində yoxlama oyunu keçirə bilmədik. Bəzi klublar oynamaq istəmədilər. Ona görə də ilk yarıda uşaqlar oyun baxımından bir az özlərinə gələ bilməmişdilər. Amma ikinci hissədə futbolçular pis təsir bağışlamadılar. Son matçlarda 85-ci dəqiqədən sonra qollar buraxmışıq. Yenə də matçın sonlarına doğru rəqibin qol vurmaq imkanı oldu. Şükürlər olsun ki, qol buraxmadıq (gülümsəyir). Bizim də fərqlənmək üçün şanslarımız oldu. Bu vəziyyətləri reallaşdıra bilsəydik, qələbə qazana bilərdik. Qarşıda ağır oyunlarımız var. Zədəli futbolçuların olması məni narahat edir. Guili Manjqaladazenin sarı vərəqə limitini doldurması da heç yaxı olmadı. Gələn oyunda iştirak edə bilməyəcək. Əsas oyunçularımızdan biridi. Çalışacağıq ki, növbəti turda daha da əzmkar oyun göstərək”.