Əvəzedicilərin çempionatı ləğv edilir

15:23 2 Aprel 2018

Peşəkar Futbol Liqası növbəti futbol ilindən etibarən əvəzedicilərin yarışı ilə I Divizionu birləşdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Futbol+” qəzetinə müsahibəsində deyib:

 

“Hansı klubların ki, büdcəsi buna imkan verəcək, onların əvəzedici komandası aşağı dəstədə çıxış edəcək. İmkanı olmayanlar isə əvəzedicilərə xərclədiyi pulu qoy aşağı yaş qruplarına sərf etsinlər. Uşaq futbolu inkişaf etməlidir ki, gələcəkdə müxtəlif yaş qrupları üzrə yığmalar əziyyət çəkməsinlər. Etiraf edək ki, aşağıdan yuxarıya istedadlı futbolçu ya gəlmir, ya da onların sayı bir əldə olan barmaq qədər azdır. Əsas milli iki hücumçunun ümidinə qalıb. Onlarla rəqabət apara biləcək oyunçu olmadığından, həmin forvardlarda da arxayınlıq yaranır”.

 

Musayev deyib ki, çempionatın əsasnaməsində dəyişiklik etməyin zamanı yetişib:

 

“Kim ki bizimlə razılaşmayacaq, əvəzedicilərinə Region Liqasında mübarizə aparmasına şərait yaradar. Biz bütün bunları ölkə futbolunun inkişafı naminə edirik. Bildiyiniz kimi, yanvarda hakimlərin Antalyadakı təlim-məşq toplanışını yaxından izləmək üçün Türkiyəyə yollanmışdım. Həmin vaxt orda aşağı yaş qrupları üzrə iki millimiz də toplanış keçirdi. Həmin komandaların hazırlığını izləyərkən məşqçilərin necə əziyyət çəkdiyini gördüm. Bizim uşaqlar türkiyəli həmyaşıdlarından geri qalırlar. Ümid edirəm ki, birinci dəstədə, daha təcrübəli oyunçularla bir çempionatda mübarizə aparmaq yeniyetmə və gənclərimizə çox şey verəcək”.


Digər xəbərlər

Xəbər xətti