Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov növbəti mövsümdən Almaniya 3-cü Bundesliqasında çıxış edəcək.
Sportarena.az xəbər verir ki, hazırda Şimal Regional Liqasında mübarizə aparan “Dinamo”da (Berlin) top qovan 26 yaşlı hücumçu, növbəti mövsümdən 3-cü Bundesliqada çıxış edən “Proyssen Münster” klubunun şərəfini qoruyacaq. Bu barədə məlumatı Münster təmsilçisinin mətbuat xidməti yayıb. Klub millimizin forvardı ilə 2 illik müqavilə bağlayıb.
Xatırladaq ki, Dadaşov cari mövsümdə “Dinamo”nun heyətində keçirdiyi 23 oyunda 24 qola imza atıb. O, Almaniyanın 5 regional liqasında ən məhsuldar futbolçudu.
2013-cü ildə Azərbaycan millisinə cəlb olunan Rüfət, yığmamızda keçirdiyi 16 oyunda 4 qola imza atıb. Dadaşov millimizin sabiq baş məşqçisi Berti Foqts ayrıldıqdan sonra yığmaya dəvət almayıb. Hücumçu yığmamızın heyətində sonuncu dəfə AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutmuş İtaliya ilə səfər oyununda (1:2) şans qazanıb.