İtaliyanın “Roma” klubu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində İspaniya “Barselona”sını mübarizədən kənarlaşdırmaqla bu turnirin tarixinə düşüb.
Sportarena.az xəbər verir ki, “canavarlar” qitənin ən nüfuzlu klub turnirində ilk oyunda 3 və daha çox top fərqilə uduzduqdan sonra cavab matçında geridönüş etməyi bacaran üçüncü kollektiv olub. Səfərdə 1:4 hesabıyla uduzan paytaxt klubu doğma meydanda 3 cavabsız qolla qalib gəlməklə, yarımfinala yüksəlib.
“Roma”dan öncə bunu ilk dəfə İspaniyanın “Deportivo” klubu bacarmışdı. Sözügedən komanda 2003/04 mövsümündə “Milan”a ilk oyunda 1:4 hesabıyla uduzsa da, cavab matçında 4 cavabsız qol vurmaqla mərhələ adlamışdı.
Digər oxşar uğura isə elə “Roma”nın bu dəfə mübarizədən kənarlaşdırdığı “Barselona” imza atmışdı. Kataloniya təmsilçisi ötən mövsüm ÇL-in 1/8 finalında Fransa çempionu PSJ-yə səfərdə 0:4 hesabıyla məğlub olsa da, doğma meydanda 6:1 hesabıyla qalib gəlib, növbəti tura keçmişdi.
Qeyd edək ki, “Roma” bu uğur sayəsində 1983/84 mövsümündən sonra ilk dəfə ÇL-in yarımfinalına vəsiqə qazanıb.