Vaqif Cavadov: "Qarşıda daha bir 90 dəqiqə var"

21:54 12 Aprel 2018

“Keşlə”nin hücumçusu Vaqif Cavadov Azərbaycan kubokunun yarımfinal mərhələsində “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdikləri ilk görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, o,əvvəlcə qələbəni şərh edib.

 

- Bu gün hər iki komanda sona kimi oynadı. Amma biz daha yaxşı mübarizə apardıq. Komandanı təbrik edirəm. Hamı oyuna 100 faiz hazırlaşmışdı. Bilirsiniz ki, çempionatda iddiamız yoxdur. Ümidimiz kubokadır. 90 dəqiqə də bunu sübut etdi. Qarşıda daha bir oyun var. İstənilən şey ola bilər, futboldur. Çempionlar Liqasının son matçlarında da bunun şahidi olduq. İkinci görüşə də ciddi hazırlaşmalıyıq. Bu gün udmağımız yaxşıdır. Amma o qədər də sevinmirik. Cavab matçı çox vacibdir. İnanıram ki, həmin oyundan sonra sevinəcəyik.

 

- Qola kimi sanki 0:0 hesablı nəticəyə də razı idiniz...

- Meydana qələbə üçün çıxmışdıq. Amma 0:0 hesabı də pis nəticə deyil. Çünki səfərdə vuracağımız qol 2-yə bərabər olacaq. Hər iki görüşə ciddi yanaşmalıyıq. Səfərə də qələbə dalınca gedəcəyik.

 

- Hazırda “Keşlə” finala daha yaxındır. Həlledici oyunda hansı komandanı rəqib olaraq görmək istərdiniz: “Neftçi”, yoxsa “Qəbələ”?

- Finaldakı rəqibin fərqi yoxdur. Hər ikisi güclü komandadır. Hazırda bu haqda düşünmürük.Çünki hələ finala çıxmamışıq. Qarşıda daha bir oyunumuz var.

 

- Ebrima Sohnanın çıxışı qənaətbəxş deyil. O, meydanda olanda hamı düşünür ki, “Keşlə” 10 nəfərlə oynayır...

- Yox, mən elə düşünmürəm. Sohna öz oyunu ilə sübut edir ki, əsas heyətdə meydana çıxmağa layiqdir. Meydanın mərkəzində rəqibi saxlayan odur.

 

- Premyer Liqada da “Sumqayıt”la qarşılaşacaqsınız. Baş məşqçi hansısa dəyişikliklər edəcəkmi?

- Bunu bilmirəm. İndi nəsə desəm, yalan olar. Turnir cədvəlində də yuxarılara qalxmaq istəyirik. Amma əsas kubokdur.

 

- Bu hesab finala çıxmaq üçün kifayət edəcəkmi?

- Əlbəttə ki, yox. Qarşıda daha bir 90 dəqiqə var. Rahatlaşmaq olmaz. Biz də bunu dərk edirik. İnanıram ki, ikinci oyuna da ciddi hazırlaşıb, qələbə qazanacağıq.


Digər xəbərlər

Xəbər xətti