Pərdis Fərcad-Azad: "Yaxşı ki, Sezar ona qulaq asmadı"

10:14 13 Aprel 2018

“Keşlə”nin hücumçusu Pərdis Fərcad-Azad ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Sumqayıt” üzərində 1:0 hesabı ilə qələbə qazandıqları oyundan sonra jurnalistlərin suallarını cavabandırıb.

 

Prosport.Az xəbər verir ki, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

 

- Biz rəqibdən daha yaxşı oynadıq. "Sumqayıt" yaxşı komandadır, top saxlamağı bacarırlar. Ancaq bu gün ardıcıl 2-3 dəqiq ötürmə verə bilmirdilər. Çünki onlara qarşı pressinq tətbiq edirdik. Bu, yaxşı oynadığımızdan xəbər verir.

 

- Bu hesab finala çıxmaq üçün sizə kömək edə bilər?

- Əlbəttə. Əsas odur ki, qol buraxmadıq. Amma hələ heç nə bitməyib. Çempionlar Liqasında gördük ki, futbolda hər şey ola bilər.

 

- Amma Çempionlar Liqası ilə Premyer Liqamızın səviyyəsi tam başqadır...

- Düzdür. Hələ rahat deyilik. Cavab matçına yaxşı hazırlaşmalıyıq.

 

- Sənə də elə gəlmirmi ki, heç-heçəlik oyun idi. Sadəcə, Sezar Meza Kollinin fərdi ustalığı sayəsində vurduğu qol “Keşlə”yə qələbə qazandırdı?

- Bəli. Onun yaxşı zərbə vuracağına inanırdım.

 
- Skarlatake də sanki cərimə zərbəsi vaxtı ona nəsə dedi...

- Skarlatake ondan ötürmə verməyini istədi. Yaxşı ki, Sezar ona qulaq asmadı. Bu qol oyunun taleyini həll etdi.

 

- Demək olar ki, final şansınız “Sumqayıt”a nisbətən daha çoxdur?

- Xeyr. "Sumqayıt" 2:0 hesabı ilə qələbə qazansa, finala vəsiqə qazanacaq. Rəqib meydanında da fərqlənə bilsək, şanslarımız daha yüksək olacaq.

 

- Klub rəhbərliyi paltardəyişmə otağına gələrək sizi təbrik etdi?

- Hələ yox. Ancaq edəcəklər. Yəqin ki, təkrar matçdan sonra finala çıxmaq münasibətilə.

 

- Qələbəyə görə mükafat söz verilmişdi?

- Bəli. Mükafat da deyilib, yaxşı məbləğdir.

 

- Yəni deyirsən ki, həmin pula meydanda can qoymağa dəyər...

- (gülür) Əlbəttə. Necə ürəklə çıxış etdiyimizi görmədiniz?!


Digər xəbərlər

Xəbər xətti