Azərbaycan millisinin iyunun 5-də yoldaşlıq görüşündə üz-üzə gələcəyi Qazaxıstan seçməsinin baş məşqçisi Stanimir Stoylov yığmamızla bağlı danışıb.
Sportarena.az xəbər verir ki, bolqar mütəxəssis Qazaxıstan mətbuatına müsahibəsində Azərbaycan millisi ilə oynamağı təsadüfən seçmədiklərini deyib:
“Təklifimizə müsbət cavab verdiyinə görə AFFA-ya təşəkkür edirəm. Qazaxıstan Futbol Federasiyası növbəti oyunumuzu evdə keçirmək üçün əlindən gələni edirdi. Evdə oynamaq istəyirdik, çünki Avropa Millətlər Liqasında da ilk oyunumuzu doğma meydanda keçirəcəyik. Rəqib kimi Azərbaycan millisi təsadüfən seçilməyib. Bu komanda liqada qarşılaşacağımız ilk rəqib olan Gürcüstan yığmasına oxşar futbol sərgiləyir. Rəqib seçimi edərkən ağıllı hərəkət etmək lazımdı. Azərbaycanlılarla görüş bizim üçün yaxşı sınaq olacaq. Bu komanda son vaxtlar sürətlə inkişaf edir. Onlar kombinasiyalı və texnikalı futbol oynayırlar. Komandanın “sükanı arxasında” isə təcrübəli mütəxəssis var. Qeyd etmək lazımdı ki, son illərdə bu ölkənin klub futbolu çox inkişaf edib”.
Xatırladaq ki, Qazaxıstan - Azərbaycan oyunu iyunun 5-də, Astanada keçiriləcək.