“Neftçi”nin qapıçısı Rəşad Əzizli ölkə kubokunun yarımfinal mərhələsində “Qəbələ”yə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, qolkiper əvvəlcə 1:3 hesablı məğlubiyyəti şərh edib.
- Qəbələdəki ilk oyunda qalib gəlsəniz də, bu gün uduzub kubokdan kənarda qaldınız. Niyə belə alındı?
- İlk oyunda qələbə qazansaq da, cavab matçında da nəticə önəmliydi. Bəxtimiz gətirmədi. Özüm də şanssız qollar buraxdım. Diqqətsizlik oldu.
- Bu oyuna qədər hər kəs “Neftçi”ni finalda görürdü. Bu amilsizdə arxayınçılıq yaratmamışdı?
- Yox, qətiyyən arxayınçılıqdan söhbət gedə bilməz. Sadəcə, oyunumuz alınmadı. Həmişə udmaq da olmur. Uduzmağı da bacarmaq lazımdır.
- “Qəbələ” “Neftçi”nin qapısından 3 top keçirdi. Hansısa qolda özünü günahkar bilirsən?
- Mən qapıçıyamsa və top da qapıya gedirsə, komandaya kömək etməliyəm.
- İlk qolu siz vursanız da, hesabı qoruyub-saxlaya bilmədiniz. Oyunun dönüş anı kimi nəyi qeyd etmək olar?
- Bizə vaxt çatmadı. Komanda gec toparlandı. 1 qol vursaydıq, davamı gələcəkdi. Bəxtimiz gətirmədi. Hər iki oyunda üstün tərəf biz idik. Diqqətsizlikdən qolllar buraxdıq. Toparlanmaq istəyəndə isə artıq gec idi.
- Yəqin ki, bundan sonra kubokda “Qəbələ”yə azarkeşlik edərsiniz, çempionatda isə 4-cü yer üçün mübarizə apararsınız...
- Yox, biz öz oyunumuzu oynayacağıq. Heç kimə azarkeşlik etmirik. Qələbə qazanıb irəli getmək lazımdır.
- Avroliqa şanslarınızı necə dəyərləndirirsən?
- Şansımız var. Əsas məqsədimiz 3-cü yeri tutmaqdır. Amma 4-cü yerlə də Avroliqaya vəsiqə qazana bilərik.
- 4 gün sonra yenidən “Qəbələ” ilə oynayacaqsınız...
- O matçda da qələbə üçün çıxacağıq.
- Həmin oyuna qisas kimi baxmaq olarmı?
- Xeyr, biz hər görüşdə ancaq qələbəni fikirləşirik. Qələbə qazansaq, hər şey öz yerini tapacaq.