İstanbulda derbisi yarımçıq qaldı - YENİLƏNİB

00:14 20 Aprel 2018

Futbol üzrə Türkiyə Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Super Liqanın lideri “Qalatasaray” doğma meydanda “Akhisar”la qarşılaşıb. İlk oyunda səfərdə 2:1 hesabıyla qalib gələn İstanbul nəhəngi bu dəfə 2 cavabsız qolla uduzaraq gözlənilmədən kubokda mübarizəni dayandırıb.

 

Digər finalçının adına “Fənərbaxça” – “Beşiktaş” matçında aydınlıq gəlməli idi. Bu komandaların ilk oyununda qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməmişdi. Cavab görüşü isə qalmaqallı alınıb. Oyun sonadək keçirilməyib.

 

Matçın 57-ci dəqiqəsində yerli azarkeşlərlə mübahisə edən qonaq komandanın ehtiyat qapıçısı Tolqa Zəngini sakitləşdirməyə çalışan “Beşiktaş"ın baş məşqçisi Şenol Günəş yaralanıb. Belə ki, azarkeşlərin atdığı yad əşyalardan biri onun başına dəyib. Nəticədə təcrübəli mütəxəssis yerə uzanıb. Başı yarılan çalışdırıcıya həkimlər 5 tikiş qoyublar. Daha sonra o, təcili yardımla xəstəxanaya aparılıb.

 

Oyunun gedişində başqa xoşagəlməz hallar da yaşanıb. Lakin məhz Şenol Günəşlə bağlı insidentdən sonra matçın baş hakimi Mete Kalkavan oyunu yarıda dayandırmalı olub. “Fənərbaxça” futbolçuları 15 dəqiqədən çox rəqib komandanın oyunçularını meydanda gözləsələr də, onlar geri dönməyiblər. Artıq matç rəsmən təxirə salınıb. Oyun dayandırılan vaxta qədər hesab 0:0 olub. İlk oyunda isə tərəflər 2:2 hesablı heç-heçəyə razılaşıblar.

 

Türkiyə Kuboku, 1/2 finalın cavab oyunları

18 aprel

Qalatasaray – Akhisar 0:2 (ilk oyun 2:1)

 

19 aprel

21:30. Fənərbaxça - Beşiktaş (2:2)


Digər xəbərlər

Xəbər xətti