Təmkin Xəlilzadə: "Heç kimə də nəyisə sübut etmək istəmirdim"

11:21 19 Aprel 2018

“Qəbələ”nin yarımmüdafiəçisi Təmkin Xəlilzadə ölkə kubokunun yarımfinal mərhələsinin “Neftçi” ilə cavab oyunundan (3:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.


- Birinci oyundan sonra komandada ruh düşkünlüyü var idi. Amma sözü bir yerə qoyduq ki, mövsümün oyunudur, əlimizdən gələni etməliyik. Çox yaxşı hazırlaşmışdıq. Meydanda əsl xarakter göstərdik. Əvvəldən belə oynasaydıq, çempion olardıq. Amma Premyer Liqa haqda danışmaq istəmirəm. Kubokda finala vəsiqə qazandıq. Həlledici oyuna daha ciddi hazırlaşacağıq. İnanırıq ki, kuboku qazanacağıq.

 

- Cavab matçında fərqli “Qəbələ” gördük. İlk oyundan sonra nə dəyişdi?

- Biz hər oyuna ciddi hazırlaşırıq. Rəqibimiz də sıradan komanda deyildi. “Neftçi” ilə oynayırdıq. Yaxşı formada idilər. İlk qarşılaşmada bizi məğlub etdilər. Amma biz həmin oyunu yaxşı analiz edib, epizodlara baxdıq. Bu gün (red - müsahibə dünən alınıb) də rəqibin səhvlərindən maksimum yararlandıq. Bütün göstəricilərdə “Neftçi”ni üstələdik. Bu da özünü nəticə göstərdi.

- Oyunun gedişində İlkin Qırtımovla aranızda mübahisə oldu...
- Həmin epizodda mən hakimdən penalti tələb edirdim. İlkin isə öz narazılığını bildirdi. Həyatda onunla yaxşı münasibətimiz var, dostuq, qardaşıq. Meydanda belə şeylər olur. Oyunun stressindən irəli gələn gərginlik idi.

- İlk hissədə qol ötürməsini sən verdin. İkinci yarıda növbəti məhsuldar ötürmə ilə yadda qala bilərdin, amma bir az paxıllıq etdin. Sanki özünü sübut etmək istəyirdin...
- Yox, paxıllıq etmədim. Heç kimə də nəyisə sübut etmək istəmirdim. Elə bir niyyətim yox idi. Məni tanıyan tanıyır. Hər oyunda formanın haqqını vermək istəyirəm. Bu gün oyunum pis alınmadı, qol ötürməsi verdim. İkinci epizodda isə fikrimi vaxtında qətiləşdirə bilmədim. İkifikirli olmağım məni çaşdırdı. Amma şükürlər olsun ki, nəticəyə təsiri olmadı, qələbəmizi qazandıq.

- “Keşlə” ilə final oyunu Qəbələdə olacaq. Artıq “kubok “Qəbələ”nindir” demək olar?
- Yox, elə birşey demək istəmirəm. Rahatlanmaq olmaz. Çempionat oyunları də göstərir ki, istənilən komanda digərini məğlub edə bilər. “Keşlə” də yaxşı formadadır. Bizi bugünkündən ikiqat çətin oyun gözləyir. Finalın Qəbələdə keçirilməsini üstünlük saymıram.


Digər xəbərlər

Xəbər xətti