"Qəbələ"nin legioneri Filip Ozobiç Azərbaycan kubokunun yarımfinal mərhələsində "Neftçi"yə 3:1 hesabıyla qalib gəldikləri cavab oyunundan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, xorvat yarımmüdafiəçi öncə rəqib futbolçu İqnaiso Herrerayla insidentinə aydınlıq gətirib.
- Oyundan sonra paltardəyişmə otağına gedərkən "Neftçi"nin çilili yarımmüdafiəçisi İqnasio Errera ilə aranda insident oldu. Nə baş verdi?
- Elə ciddi şey olmadı.
- Məgər sən ispanca bilirsən?
- (gülür) Yox, bilmirəm.
- Onda İqnasioya necə cavab verdin?
- Xorvatca. Bilirəm ki, futbolda belə gərginliklər olur. Əlbəttə, heç kim uduzmaq istəməz. Məğlub olanda əsəbiləşirsən. Bu, normaldı, nə deyə bilərsən?
- Ümumiyyətlə, insident necə baş verdi?
- Yəqin, onlar düşünürdülər ki, simulyasiya edirdim. Ancaq belə deyildi, ayağımdan zərbə almışdım.
- Sizi finala çıxaran oyunu necə dəyərləndirərdiniz? Qəbələdəki məğlubiyyətdən sonra çoxları düşünürdü ki, kubokda mübarizəni dayandıracaqsınız...
- İndi komandamız üçün çətin vaxtdı. Ancaq xarakter göstərdik və finala çıxmağı bacardıq. Fikrimcə, "Neftçi"ylə cavab yarımfinal matçında daha yaxşı idik.
- Hesabı rəqib açandan sonra inamınız var idimi ki, geridönüş edə bilərsiniz?
- Bilirdik ki, qol buraxdıq-buraxmadıq, istənilən halda, 2 qol vurmalı idik. Finala çıxmaq istəyirdiksə, bunu reallaşdırmalı idik.
- Final Qəbələdə keçiriləcək, rəqib də "Keşlə"di...
- Sevinirik ki, finalı Qəbələdə oynayacağıq. Əlbəttə, kuboku qazanmaq istəyirik. Ancaq bunadək çempionatda oyunlarımız var.
- "Qəbələ"ylə müqavilən cari mövsümün sonunda bitir. Maraqlıdı, qalacaqsan, yoxsa?
- İndi bu haqda bir şey deyə bilərəm.
- Digər klublardan təkliflər var?
- Sadəcə, indi heç nə deyə bilmərəm.