Bakı Apellyasiya Məhkəməsində ləğv prosesində olan "Bank of Azerbaijan” ASC-nin "Baghlan Group” FZCO şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Sportarena.az xəbər verir ki, hakim Elmira Nağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, bankın apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə ləğv olunub. Məhkəmə ASC-nin iddiasının təmin edilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, ləğv prosesində olan "Bank of Azerbaijan” ASC "Baghlan Group” FZCO şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyini məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank kredit müqaviləsi üzrə borcun qaytarılması barədə tələb irəli sürüb.
Məhkəmə iddianı təmin etməyib.
Qərardan narazı qalan bank apellyasiya şikayəti verib.
Onu da əlavə edək ki, "Baghlan Group”un sahibi "Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovdur.
Xatırladaq ki, 2016-cı ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib. "Banklar haqqında” qanuna uyğun olaraq banka müvəqqəti inzibatçı təyin edilib. Həmin bank H.Məmmədovun oğullarına məxsusdur.
Hafiz Məmmədov həm də "Bakı"nın prezidentidir. (Report)