U-17 millimizin Bosniya və Herseqovinada təşkil olunmuş UEFA İnkişaf turnirindəki çıxışı barədə məlumat vermişdik. Aprelin 11-dən 15-nə kimi davam edən turnirdə 3 oyun keçirən millimiz təəssüf ki, bütün qarşılaşmalarda meydanı məğlub tərk etdi. İlk oyunda Makedoniya millisinə 0:2, iki gün sonra xorvatiyalı həmyaşıdlarına 0:1 hesabı ilə uduzan 2002-ci il təvəllüdlü futbolçularımız sonuncu oyunlarını Bosniya və Hersoqovina millisinə qarşı keçirdi və bu oyunda da 2:3 hesabı ilə məğlub olaraq, turniri sonuncu pillədə xalsız başa vurdular.
Sportarena.az xəbər verir ki, vətənə göndükdən sonra U-17 millimizin baş məşqçisi Ramin Quliyev “Het-trik news” qəzetinə müsahibə verib. Həmin müsahibəni tədqim edirik:
- UEFA İnkişaf turniri bəzi özəllikləri ilə yadda qaldı. Məsələn, qaydalara görə, adı iştirak siyahısına salınan futbolçuların hamısı 3 oyun ərzində azı 80 dəqiqə meydanda olmalı idi. 17 yaşlı futbolçular arasında keçirilən oyunların 80 dəqiqə davam etdiyini nəzərə alsaq, bu, 1 oyuna bərabərdi. Yaxud, bir oyunda 9 əvəzetmə mümkün idi. Bundan başqa, matçın hakimi simulyasiyaya görə futbolçunu vərəqə vermədən 8 dəqiqə müddətinə meydandan çıxara bilərdi. Həmin futbolçu meydana qayıtdıqdan sonra bu hal ikinci dəfə təkrarlansaydı, yenə də 8 dəqiqə oyundan uzaqlaşdırılırdı və cəza müddəti başa çatanda başqa futbolçu ilə əvəzlənməliydi. Bu qərar çəkisinə görə «sarı»dan ağır, «qırmızı»dan isə yüngül idi. Daha bir özəllik xal sistemi ilə bağlı idi. Oyun heç-heçə başa çatdığı halda, qalibi müəyyən etmək üçün birbaşa penaltilər seriyasına müraciət edilirdi. Qalib komanda 2, məğlub komanda isə 1 xal qazanırdı.
- Amma komandamız turniri xalsız tərk etdi…
- Bütün bunları nəyə görə sadaladım? UEFA turnirin bu qaydalarla keçirilməsi ilə nəticəni deyil, bütün futbolçuların oynamaq şansı qazanmasını istəyir. Doğrusu, elə bizim də məqsədimiz nəticə qazanmaq yox, futbolçuların hazırlıq səviyyəsini yoxlamaq, əyər-əskikləri ortaya çıxarmaq idi. Turnirin məhz bu qaydalarla keçirilməsi bizə imkan verdi ki, bütün futbolçuları «iş başında» yoxlayaq. Doğrudu, U-17 millisi yığıldığı dönəmdən klub komandaları ilə bir neçə yoxlama oyunu keçirib. Həmin oyunlarda futbolçuların hazırlıq səviyyəsi barədə məşqçilər korpusunda müəyyən fikir formalaşmışdı. Amma bu, ilk rəsmi turnirimiz idi. Etiraf edək ki, adi yoxlama oyunları ilə rəsmi turnirlərdə iştirak arasında böyük fərq var.
- Məğlubiyyətlərə rəğmən, baş məşqçi futbolçuların çıxışından razı qaldımı?
- Reqlamentə görə, turnirə ikisi qapıçı olmaqla 20 futbolçu aparmışdıq və hamısının oynamaq imkanı oldu. Komandanın heyəti yeni-yeni qurulur. Ümumi götürəndə, ilk rəsmi turnir olduğunu nəzərə alsaq, futbolçuların çıxışından razı qaldım. Bir daha təkrar edirəm, nəticə bizim üçün önəmli deyildi. Doğrudu, hər 3 oyunda məğlub olduq. Amma bu yenilgilər komandamızın rəqiblərdən nədəsə geri qalması anlamına gəlməməlidi. Makedoniya ilə matçda bir neçə dəfə oyunu öz xeyrimizə dəyişə bilərdik, lakin alınmadı. Xorvatiya ilə bərabər mübarizə apardıq, yeganə qolu matçın başa çatmasına 5 dəqiqə qalmış buraxdıq. Ev sahibləri ilə oyunda isə 2 dəfə hesabda irəli olmamıza baxmayaraq, rəqib hesabı bərabərləşdirə bildi. Buraxdığımız 3-cü qolu isə şanssızlıq kimi dəyərləndirərdim. Futbolçumuz topu çıxarmaq istəyərkən tərs toxunuşla öz qapımızdan keçirdi. Hətta 3-cü qolu qolu vurmağı bacardıq. Amma hakim müəmmalı şəkildə ofsayd qərarı ilə qolu ləğv etdi. Yəni dediyim budu ki, hər 3 oyunda uşaqlar layiqli mübarizə apardılar. Əsas komanda oyunu idi ki, bu mənada futbolçuların hamısından razı qaldım. Hiss olunurdu ki, komanda oyundan-oyuna daha baxımlı futbol sərgiləyirdi, futbolçularda özünəinam hissi artırdı.
- Ən çox hansı futbolçunun çıxışından məmnun qaldız?
- Milliyə yeni qoşulan futbolçular haqqında fikir bildirə bilərəm. Donetskin «Şaxtyor» komandasından dəvət etdiyimiz sol cinah müdafiəçisi Tuqay Əlizadə yaxşı mənada hamımızı təəccübləndirdi. «Köhnələr»dən isə hamısının bacarığına bələd idik deyə, təəccüblənməyə yer qalmadı. İstər Veysəl Rzayev olsun, istər Musa Qurbanlı, istər Cavidan Abbaszadə, istərsə də digərləri, hamısı yaxşı oynadı.
- Musa Qurbanlının adını çəkdiz, Xorvatiya ilə oyunda onun meydana kapitan kimi çıxması sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb oldu.
- U-17 millisində ən «stajlı» futbolçular Veysəl Rzayevlə Musa Qurbanlıdı. Komandanın kapitanı hələ seçilməyib. Bu baş verənədək kapitan Veysəl, vitse-kapitanlar isə Musa ilə Vüsal Şabanov nəzərdə tutulublar. Fikir verdizsə, Makedoniya, həmçinin, Bosniya və Hersoqovina ilə oyunda komandanı meydana Veysəl çıxarmışdı. İlk oyunda Veysəl oyundan alınanda kapitan sarğısını Nemət Musayevə verdi. Musa yalnız Xorvatiya ilə oyunda kapitan idi. Qurban Qurbanovun oğlu olduğu üçün Musanın kapitan seçilməsi haqda deyilənlər boş söz-söhbətdi. Kapitan sarğısı liderlik keyfiyyətləri olan və millidə daha çox oyun keçirən futbolçulara verilir. Veysəldə də, Musada da, Vüsalda da, Nemətdə də bu keyfiyyətlər var.
- Turnirin gedişində rəhbərlikdən sizinlə kim əlaqə saxlayırdı?
- Hər oyundan əvvəl və sonra Rəşad Sadıqovla əlaqə saxlayırdıq. Rəşad Sadıqova oyunlardan sonra futbolçuların çıxışı ilə bağlı məlumat verir, ümumi fikir mübadiləsi aparırdıq. Aşağı yaş qrupu olmasına baxmayaraq, U-17 millisi daim Qurban Qurbanov və Rəşad Sadıqovun diqqətindədi.
- Qarşıda U-17 millimizi hansı turnirlər gözləyir? Növbəti təlim-məşq toplanışı nə vaxtda nəzərdə tutulub?
- Makedoniya millisi bizimlə yoldaşlıq oyunu keçirmək istəyir, bizi Makedoniyaya dəvət ediblər. Amma hələ rəsmiləşməyib. Yaxın günlərdə AFFA bu məsələyə aydınlıq gətirəcək. Alınmasa, may ayında hansısa milli komanda ilə 2 yoldaşlıq oyunu keçirmək fikrimiz var. Rəqib müəyyənləşəndən sonra oyunlardan 1 həftə əvvəl futbolçuları toplanışa çağıracağıq.