Türkiyə kubokunun yarımfinalında keçirilən "Fənərbaxça" - "Beşiktaş" cavab oyunu ilə bağlı yekun qərar aprelin 25-i veriləcək.
Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) saytı məlumat yayıb. Bununla bağlı aprelin 25-i yerli vaxtla saat 13:00 (Bakı vaxtı ilə 14:00) iclas başlayacaq, ardınca yekun qərar açıqlanacaq.
Qeyd edək ki, "Fənərbaxça" - "Beşiktaş" görüşünün 56-cı dəqiqəsində hesab 0:0 ikən "Beşiktaş"ın ehtiyat qapıçısı Tolga Zenginlə "Fənərbaxça"lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman "qara qartallar"ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb. Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə "Beşiktaş"ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib. Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.