Qurban Qurbanov: "Daha əvvəl də bu cür situasiya ilə qarşılaşmışıq"

23:03 22 Aprel 2018

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 24-cü turunda səfərdə “Sumqayıt”a qalib gələn Ağdam klubu çempionluğu erkən rəsmiləşdirib

 

Sportarena.az xəbər verir ki, matçdan sonra mətbuat konfransı keçirən Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

 

Öncə futbolçularımı ardıcıl 5-ci dəfə çempion olmaq münasibətilə təbrik edirəm. Bu, hər bir futbolçunun, hər klubun arzusudur. Çətin oyun oldu. Bilirdik ki, “Sumqayıt” bu oyuna ciddi hazırlaşacaq. Oyunçularımda həyəcan var idi, amma bu da normal haldı. Samir Abasov və komandasına uğurlar arzulayıram.

 

- Qalan 4 turda heyətdə rotasiya edəcəksinizmi?

- Bütün oyunlara tam heyətlə hazırlaşacağıq. Amma ola bilər ki, hansısa futbolçuya 1-2 oyun şərait yaradım. Elə oyunçular var ki, az da olsa istirahətə ehtiyacı var. Amma qarşıdakı oyunlara tam ciddi hazırlaşacağıq.

 

- Erkən çempionluq sizin xeyrinizə olacaq, ya ziyanınıza? Nəzərə alsaq ki, qarşıdan Avrokuboklar gəlir, komanda formadan düşməyəcək?

- Futbolçularımın bəziləri neçə illərdi ki, fasiləsiz oynayırlar, çempionluqlar əldə edirlər. Məni əsas narahat edən onların fiziki yorğunluqları deyil, loru dildə desək uğurlardan sonra “çaşmaq” ehtimallarıdı. Səviyyəsindən asılı olmayaraq bütün çempionluqlar hamı üçün şirindi. Mən hər zaman deyirəm ki, uğur qazandıqdan sonra məsuliyyət daha da artır. Bunu hər bir oyunçu da dərk eləsə, inanmıram ki, neqativ nəsə hal yaşansın. Daha əvvəl də bu cür situasiya ilə qarşılaşmışıq.

 

- Çempionlar Liqası haqqında nə düşünürsüz? Yenidən qrupa düşmək mümkün olacaq?

- Reqlamentdəki dəyişikliklərdən sonra çətin olacaq. Amma biz turnirdən əvvəl komandanı tam formalaşdırmağa çalışacağıq və ciddi hazırlıq keçəcəyik.

 

- ÇL qrupuna düşmək üçün heyət daha güclü olmalıdı. Bu barədə rəhbərliklə indi söhbət edəcəksiz, ya mövsümün sonunu gözləyirsiniz?

- Biz bu hazırlıqları bütün il boyu edirik. Dəfələrlə demişəm ki, mən həmişə istəyirəm ki, komandaya hər il bir və ya iki yeni oyunçu gəlsin. Ehtiyac var və işlər gedir.

 

- Yeni oyunçulara ehtiyacınız olduğunu dediniz. Bəs rəhbərlik sizə istədiyiniz büdcəni ayıra bilirmi?

- Bu vaxta qədər hansı oyunçunu istəmişiksə, rəhbərliklə problem olmayıb. Ümumiyyətlə, hər ölkənin öz qiyməti, futbolçu səviyyəsi var. Mən çox istərəm ki, “Qarabağ”a daha yaxşı futbolçular gəlsinlər, amma daha yaxşıları başqa-başqa çempionatlara gedirlər. Bu gün yaxşı futbolçu tapmaq çətindi. Ona görə də sizin düşündüyünüz futbolçular Rusiya, Türkiyə və digər ölkələrdə oynamağı üstün tuturlar. Biz onlara nə qədər pul versək də, onların gəlmək ehtimalı 3-5 %-di. Hər ölkə futbolunun öz nüfuzu var, biz də ona uyğun addım atırıq.


Digər xəbərlər

Xəbər xətti