“Sumqayıt”ın müdafiəçisi Rail Məlikov Topaz Premyer Liqanın 24-cü turunda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, təcrübəli futbolçu əvvəlcə məğlubiyyəti şərh edib.
- Çempiona qarşı oynadıq. Qarşılaşmaya yaxşı köklənmişdik, amma uduzduq. Rəqibə çox imkan verməsək də, standart vəziyyətdən qol buraxdıq.
- Oyun bitən kimi baş məşqçiniz Samir Abasov hakimlərə hücum çəkdi. Görünür, Ömər Paşayevin qərarlarından narazı qalıb. Hakimliklə bağlı sən nə deyə bilərsən?
- Əvvəllər hakimlər haqda danışmışam. Amma indi nəsə demək istəmirəm. Baş məşqçi əsəbləşibsə, deməli, nəsə görüb.
- Bəs sən özün nəsə gördünmü?
- Görsəm də, bunu açıqlamaq istəmirəm.
- Səncə, bu, “Qarabağ”ın çempionluq matçı olmasaydı, hakim yenə belə idarəçilik edərdi?
- Bu barədə nəsə desəm, doğru olmaz. Çalışırıq ki, xal itirməyək və hədəfimizə doğru gedək. “Qarabağ” üçün nə qədər vacib oyun idisə, bizim üçün də elə idi.
- “Neftçi”nin qələbə qazanması ilə işiniz çətinləşdi. Aradakı xal fərqi 2-yə endi...
- Məncə, işimiz çətinləşmədi. Onlar sadəcə, bizə yaxınlaşdı. Əslində digər komandalara baxmırıq. Öz oyunumuzu oynayırıq. Kiməsə baxsaq, xal itirəcəyik.
- Sanki kubokdakı uğursuzluq komandaya az da olsa təsir edib. Bununla razısan?
- Bu, iki fərqli turnirdir. Onları bir-birinə qatmaq olmaz. Hərəsi üçün ayrıca məşq edib hazırlaşırıq. Ona görə də bir təsiri yoxdur.
- Növbəti turdakı rəqibiniz “Səbail” olacaq. Həmin oyun haqda nə düşünürsən?
- Bundan sonrakı hər matça final kimi çıxacağıq. "Səbail"lə oyun ağır olacaq. İtkisiz çıxmaq istəyirik. Doğma meydan amili də bizə kömək edəcək.