Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan cüdo üzrə beynəlxalq turnir keçirilib.
Sportarena.az xəbər verir ki, yarışa 4 ölkədən 9 komanda qatılıb. Turnirdən əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin I müavini Azər Zeynalov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, Naxçıvan Muxtar Respublikası gənclər və İdman naziri Azad Cabbarov və digər nümayəndələr ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Sonra yarış iştirakçıları, nümayəndə heyəti ümummilli liderin Naxçıvandakı muzeyi ilə tanış olublar.
İlham Əliyev adına Olimpiya Kompleksindəki yarışın açılış mərasimində əvvəlcə iştirakçı komandaların paradı olub. Sonra A.Zeynalov və İ.İsmayılov çıxış edərək, ölkədə dövlət səviyyəsində idmana, olimpiya hərəkatının inkişafına göstərilən qayğını xüsusi vurğulayıblar. Natiqlər ilk dəfə Naxçıvanda təşkil olunan cüdo üzrə beynəlxalq turnirin iştirakçılarına uğurlar arzulayıblar. Dövlət himni səsləndirildikdən sonra yarış açıq elan olunub. Açılış mərasimi Respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə keçirilən bədii proqramla davam etdirilib.
Qeyd edək ki, beynəlxalq turnirdə Türkiyə, Gürcüstan, Rusiya və Azərbaycanın yeniyətmə cüdoçuları medalları uğrunda mübarizə aparıblar. Olimpiya sistemi ilə keçirilən komanda yarışlarında bütün rəqiblərinə qalib gələn Naxçıvan cüdoçuları qızıl medallara sahib olublar. Gürcüstan 2-ci, Türkiyə və "Bakı" komandaları isə 3-cü yeri tutublar. Beynəlxalq turnirin qaliblərinə kubok, medal, diplom və pul mükafatları təqdim olunub.
Mükafatları A.Zeynalov, İ.İsmayılov və S.Sadıqov təqdim ediblər.