"Qəbələ"nin futbolçusu ilin ən yaxşısı seçildi

15:46 25 May 2018

Mayın 20-də U-15 Liqasında 2017/18-ci illər mövsümünə yekun vuruldu.

 

Sportarena.az xəbər verir ki, çempionat başa çatdıqdan sonra «Het-trik news» qəzeti birinciliyin ən yaxşı futbolçusunu müəyyənləşdirmək məqsədilə Liqada iştirak edən 15 komandanın məşqçiləri arasında sorğu aparıb. Qaydalara əsasən, hər məşqçi çalışdırdığı komandadan olmamaq şərtilə 5 futbolçunun adını çəkə bilərdi. Siyahıya uyğun olaraq adları çəkilən futbolçular 1-5 xal qazanırdılar. Yalnız «Sumqayıt»ın baş məşqçisi Mehman Yunusov rəqib futbolçuları yaxşı tanımadığını və bu üzdən səhv etmək istəmədiyini əsas gətirərək, sorğuya qatılmayıb. Qalan 14 məşqçinin fikrinə əsasən «Qəbələ»nin hücumçusu Kamal Kazımov 24 balla mövsümün ən yaxşı futbolçusu seçilib.

 

2-ci yerə 20 xal toplayan Əbil Əbilov («Keşlə»), 3-cü yerə isə 18 xalla Cəlal Hüseynov («Zirə») layiq görülüblər. İlk «beşliy»i Cəlaldan 1 xal az toplayan Mehrac Baxhəliyev («Qəbələ») və Əli Tağıyev («Keşlə») qapayıb.

 

Ümumilikdə, sorğuda 32 futbolçunun adı çəkilib. Onlardan 8-i «Qəbələ»nin, 6-ı «Keşlə»nin, 5-i «Vətən»in şərəfini qoruyur. Həmçinin, «Zirə» və «Neftçi»nin 3, «Kəpəz» və «Viləş»in 2, «Qarabağ», «Səbail» və İsgəndər Cavadov BFA-nın 1 futbolçusunun adı siyahıda yer alıb.

 

«Het-trik news» qəzeti Kamal Kazımova mükafatı yanvar ayının 31-də «Vətən» Futbol Məkbətinin keçirdiyi «Respublika Günü» turnirinin finalından sonra təqdim edəcək.


Digər xəbərlər

Xəbər xətti