Qurban Qurbanov: "Kamran Ağayevdən nə desən gözləmək olar"

17:53 27 May 2018

Mayın 29-da Bakıda Qırğızıstan millisi ilə yoldaşlıq oyununda üz-üzə gələcək Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Qurbanov əvvəlcə qarşıdakı oyunla bağlı fikirlərini bildirib:

 

- Millətlər Liqasından öncə son toplantımızdı. Çalışırıq hər yaxşı hazır olaq. Futbolçuların meydanda bir-birini yaxşı anlaması üçün çalışırıq. Nə qədər hazırlaşsaq da, azdı. Oyundan oyuna futbolçuların təcrübəsi artır, öz işlərinə daha inamla, məsuliyyətlə yanaşırlar. Qarşıdakı oyunlarda futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar.

 

- Millətlər Liqasına az qalıb. Bu dəfəki heyəti Millətlər Liqası üçün yekun heyət saymaq olar? 

- Belə deməzdim. Biz həmişə axtarışdayıq. Çalışırıq ki, hər dəfə daha çox futbolçu sınaqdan keçirək. Bəzən olur ki, oyun təcrübəsi az olan futbolçuya da şans veririk. Bəzən yaşına, bəzən təcrübəsinə görə. Ola bilsin, gələn toplanışlarda yeni futbolçular olsun.

 

- Çox olacaq?

- İnanmıram çox olsun. Futbolçuların çoxunu tanıyırıq.

 

- Qırğızıstan millisinin bir futbolçusu Türkiyənin 3-cü liqasında çıxış edir. Sizcə, bu cür rəqiblə oyunda millinin gücünə nə dərəcədə bələd olmaq mümkündü? 

- Heç bir komandaya qarşı mənfi fikirdə olmamışam. Biz rəqibin güclü və mənfi cəhətlərinə nəzər yetiririk. O ki qaldı futbolçusunun 3-cü liqada çıxış etməsinə, bu, millidi. Mən “Qarabağ”da çalışanda, hərdən zəif komandalarla qarşılaşırıq. Belədə, futbolçuların gücünə daha yaxşı bələd olmaq olur. Qırğızıstan millisini zəif saymıram. Bu, milli komandadı. Rəqibi ciddi qəbul edirəm.

 

- Sabah ölkə kubokunun finalı olacaq. “Keşlə” və “Qəbələ”nin oyunçularına Qırğızıstanla oyunda şans verəcəksiz? Bir də, Kamran Ağayev meydana çıxmasa, kapitan kim olacaq?

- Yox, onları Qırğızıstanla oyunda meydana buraxmayacam. O ki qaldı kapitan məsələsinə, buna hələ qərar verməmişəm. Oyun günü bəlli olacaq.

 

- Riçard Almeydanın zədəsi ciddidi deyə millinin toplanışından kənarda qalıb, yoxsa yeni klubuyla danışıq aparmaq üçün düşərgədən ayrılıb?

- Riçardın zədəsi ciddidi. Çempionatın son iki turunu da buraxmışdı. Ayın 1-2-nə kimi kənarda qalmalı idi. Bundan sonra oynamasına isə ehtiyac görmədim. Buna görə, onu istirahətə göndərdim. 

 

- Cavid Hüseynov son vaxtlar intizamsız hərəkətlər edir. Bu barədə nə deyə bilərsiz?

- Onun hərəkətləri məni də narahat edir. Qarşıda vacib kubok oyununa çıxacaq. Sonra yenə bizimlə olacaq. Onunla bu barədə ciddi söhbət edəcəm.

 

- Növbəti toplanışlarda Azər Əliyev, Dəniz Yılmaz kimi legioner futbolçuları millidə görə bilərik?

- Əvvəllər də demişəm ki, çempionatın səviyyəsi aşağıdı. Legionerlərə ehtiyac var. İndidən deyə bilmərəm, Azər millidə olacaq ya yox. Sadəcə, onu deyə bilərəm ki, təkcə Azəri yox, başqa oyunçuları da nəzərdə saxlayırıq. Başqa, daha yaxşı çempionatlarda çıxış edən oyunçuları milliyə çağırmaq bizim xeyrimizə ola bilər.

 

- Kamran Ağayev milli üzvü kimi kapitanlığa layiqdi? O, özündə nəyi dəyişib?

- Kamrandan hər nə desən gözləmək olar (gülür). Ancaq özünü bir xeyli düzəldib. Onunla bu barədə danışmışam. Məncə, hazırda kapitanlığı haqq edir. Lakin bu o demək deyil ki, kapitan heç vaxt dəyişməyəcək. Hələ ki, odu. Ona güvənirəm.

 

- Gəzən söz-söhbətə görə, Riçard və Şehiçə olduğu kimi “Qarabağ”ın yerli oyunçularına da təklif olub. Lakin onlar klubdan ayrılmaq istəməyiblər... 

- Yerli oyunçulardan heç birinə konkret təklif olmayıb. Oal bilsin, bəzi menecerlər vasitəsilə təklif olub, lakin birbaşa kluba olmayıb.

 

- Bu gün millidə əsas problem hansı mövqedədi?

- Bu gün problemi olmayan milli yoxdu. Nə qədər də böyük olsa, hər bir yığmada problemlər olur. Bizim potensialı olan futbolçularımız var. Çox istəyərdim ki, həmin oyunçular xarici çempionatlarda oynasınlar. Bu gün həmin futbolçuların hər nə qədər potensialı olsa da, milli çempionatın səviyyəsi aşağıdı. Hansısa futbolçumun zəif olduğunu deyə bilmərəm. Hər bir oyunçuma güvənirəm.

 

- Rahid Əmirquliyev və Ağabala Ramazanov “Qarabağ”da çıxış edən zaman millidən kənarda qaldılar. Buna səbəb nədi?

- Futbolçu karyerası elədi ki, oyunçu eyni səviyyədə çıxış edə bilməz. Bir klubda sərgilədiyi oyunu digər klubda sərgiləməyə bilər. Deməzdim ki, hansısa oyunçunun milliyə yolu bağlanıb. Əksinə, onlar yığmaya potensial namizədlərdi. İstərdim ki, yenidən millidə olsuunlar. Ümid edirəm ki, öz oyunlarını daha da təkmilləşdisinlər.

 

- Legionerlərimizin - Araz Abdullayevlə Ufuk Budakın durumu necədi? 

- Arazda hər şey yaxşıdı. Düzdü, son oyunlarda bir qədər az şans qazanıb, lakin yaxşı durumdadı. Bədavi tam sağalıb. Yaxşı formadadı. Oyun təcrübəsi cəhətdən problemi var. Ola bilsin, qarşdıakı oyunlardan birində şans qazansın. O ki qaldı, Ufuka, deməzdim yaxşı formada deyil. İki aya yaxındı oynamır. Bir ara “Qarabağ”la məşq etdi. İstəyirdim fiziki formasını bərpa etsin. Çox güman, ilk oyunda şans qazanmayacaq. Lakin ola bilsin, qarşıdakı matçlarda çıxış etsin.

 

- Millətlər Liqasındakı rəqiblərimiz barədə məlumatınız var?

- Bəli, daim maraqlanırıq.

 

- “Qarabağ”ın heyətində dəyişikliklər olması azarkeşlərin narahatlığına səbəb olub...

- Narahatlıq həmişə olur. Biz də narahatıq. Transfer pəncərəsində hər şeyi yoluna qoymağa çalışacağıq. Millinin oyunlarından sonra bütün fikrimi “Qarabağ”a yönəldəcəm.


Digər xəbərlər

Xəbər xətti