Azərbaycan Kubokunun finalında "Qəbələ”ni 1:0 hesabı ilə məğlub edən "Keşlə” klubunun prezidenti Zaur Axundov jurnalistlərin suallarını cavablandırıb.
Sporarena.az xəbər verir ki, Axundov öncə kubokda qazanılan zəfəri şərh edib:
- Çətin keçən mövsüm ərzində klubda baş verən bütün olaylardan xəbərdarsınız. “Keşlə”nin Azərbaycan Kubokuna sahib çıxması bütün komandanın zəhmətinin bəhrəsidi. Fikirləşirəm ki, artıq pis günlər arxada qaldı. Uğurlarımızı davam etdirməyə çalışacağıq.
- Artıq bundan sonra Avropa Liqası barədə düşünməli olacaqsız. Baş məşqçi Yuri Maksimovla müqavilənin müddəti uzadılacaq? Ümumiyyətlə, heyətlə bağlı hansı yeniliklər olacaq?
- Maksimov nəticə verən məşqçidi. Komanda qış fasiləsindən sonra toparlandı, lazım olan səviyyədə futbol sərgilədi. Baxmayaraq ki, bir çox futbolçular kollektivə yeni qoşulmuşdular. Bir-birlərini başa düşmək üçün vaxt lazım idi. Ancaq baş məşqçi və futbolçular öz peşəkarlıqlarını göstərdilər. Çətin keçən 5 ayın zəhməti öz bəhrəsini verdi. Həm məşqçidən, həm də komandadan razıyam. Artıq sabahdan avrokubok hazırlığına start veriləcək. Çalışacağıq ki, komandamız qitə miqyasında da yaxşı nəticə göstərsin.
- Deyilənə görə, finaldakı qələbəyə üçün yaxşı mükafat söz vermisiz...
- Udan adama mükafat verilməlidi də. Bu, yüz faiz olmalıdı (gülür).
- Söhbət hansı məbləğdən gedir?
- İcazə verin, bu klubun içində qalsın.
- Yeni legioner transferləri hansı ölkələrdən olacaq?
- Məşqçi və rəhbər heyəti olaraq, bu oyunu gözləyirdik. Yəqin ki, sabahdan baş məşqçi avrokuboka hazırlıq üçün öz proqramını ortaya qoyacaq. Komandaya yeni nəfəs gətirəcək. Danışığımız da belə olub. Baş məşqçi seleksiya işini hansı formada istəsə, biz də işimizi həmin istiqamətdə görəcəyik.
- "Keşlə” növbəti mövsümdə Premyer Liqada medallar uğrunda mübarizə aparacaq?
- Özümü tərifləməyim, futzalda da hədəfim həmişə yüksək yerlər olub. Növbəti mövsümdə ilk “üçlük” üçün oynayacağıq.