"Keşlə"nin qapıçısı Kamran Ağayev Azərbaycan Kubokunun finalında "Qəbələ"ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Qələbə haqda təəssüratların necədir?
- Hər bir futbolçu ölkə klubokunun finalında oynamaq istəyir. Çempionluq tez yaddan çıxır. Amma kubokun ab-havası başqadır. Finala yaxşı köklənmişdik. Kuboku əldə etmək istəyirdik. Çempionatda da oyunlarımız oldu. Biz komandaya qış fasiləsində qoşulmuşuq. Kollektiv 8 oyun idi uduzurdu, inamsızlıq vardı. Toparlanmaq bir az çətin idi. Şükür Allaha, komandaya inamı qaytardıq və davam edirik.
- Futbolçu və maddi imkanlarına görə "Keşlə"dən üstün olan "Qəbələ"ni nəyin sayəsində üstələdiniz?
- Ağıllı analiz və ağıllı oynamaq hesabına. Diktofonları söndürəndən sonra deyərəm (gülür).
- "Keşlə"nin avrokubok perspektivini necə qiymətləndirirsiniz?
- Hələ heç nə bilmirik. Hamımızın müqaviləsi qurtarıb. Sabah milli komandaya qoşuluram. Ağır zədədən sonra meydana qayıtmışam. Hər ay dizimdəki zədəyə görə normativ verirdim. İndi özümü yaxşı hiss edirəm. Hədəfimizin nə olacağını bilmirik. Müqavilə bağlayıb-bağlamayacağımız dəqiqləşməyib. Hələlik yığmaya gedirəm.
- Özünüz "Keşlə"də qalmaq istəyirsiniz, yoxsa getmək?
- Onu zaman göstərər. Bəziləri bizimlə düşmən kimi rəftar edir. Yazıları oxuyuram. Qıcıqverici şeylər yazırlar, amma əhəmiyyət vermirəm. Niyə? Çünki azarkeşlərə arxalanıram. Onlar bu əziyyəti unutmurlar. Nə qədər məni gözdən salmaq istəsələr də, azarkeşlər əziyyəti yaddan çıxarmırlar. Artıq 5 ya 6-cı dəfədir ağır zədədən sağalıram.
- Sizi kimlər gözdən salmaq istəyir?
- Bir çoxları. Amma belə şeylərə fikir vermirəm. Portuqaliyaya gedəndə "bu qurtardı" dedilər. Eyni şey Çexiyaya yollananda da oldu. Düzdür, ora bir az inamsız getdim. Çünki zədəli vəziyyətdə idim. Ordakı baş məşqçinin açıqlamasında oxumuşdunuz. Mənim artıq çəkimin olduğunu söyləmişdi. Yenidən zədələndim.
- Bir də şansınız olsa, Avropa klublarından birinə gedərsiniz?
- Şans deyəndə ki, qabaqcadan heç nə söyləmək istəmirəm. Yaxın gələcəkdə hər şey məlum olar. (qol.az)