Bu gün yoldaşlıq oyununda Azərbaycan millisinə 0:3 hesabıyla uduzan Qırğıızsıtan yığmasının baş məşqçisi Aleksandr Krestinin oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- İlk növbədə bizə yaradılan şəraitə görə AFFA-ya təşəkkür edirəm. Gözəl stadionda çıxış etdik. Yaxşı komandaya qarşı oynadıq. Bu matç bizim üçün yaxşı təcrübə oldu. Komandamızda təcrübə çatışmır. Futbolçularımız təzyiq altında oynaya bilmir. Buna görə, daha çox səfər oyunlarına üstünlük veririk. Rəqibin təzyiqlərinə tab gətirmədik. Komandamın oyunundan razı qalmadım.
- Matçdan öncə hansı nəticəyə ümid edirdiz?
- Qələbəyə ümid edirdik, lakin alınmadı. Azərbaycan millisi daha təcrübəli idi. Normal halda biz standart vəziyyətdən qol buraxmırıq. Bu gün isə Azərbaycan yığması iki belə epizodda bizə qol vurdu. Millimizdə təcrübə çatışmadı.
- Azərbaycan yığmasının Millətlər Liqasındakı şanslarını necə dəyərləndirərdiz?
- Mən sizin rəqibləriniz barədə elə də ətraflı məlumatım yoxdu. Buna görə, bu suala dəqiq cavab verə bilməyəcəm. Azərbaycan yığması yaxşı komandadı. Yaxşı, gözəl oyun sərgiləyirlər. Belə davam etsə, Azərbaycan millisinin qrupda yaxşı yerlərdən birini tutacağını düşünürəm. Sizə Millətlər Liqasında uğurlar arzulayıram.