Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov Qırğızıstanı 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki. "Neftçi"nin kapitanı fikirlərinə Qurban Qurbanovun rəhbərliyi altında ilk qələbə qazandıqları oyunu dəyərləndirməklə başlayıb.
- Milli komandanın yaxşı çıxış etdiyi oyundan-oyuna hiss olunur. Tam fərqli bir sxemdə oynayırıq. Baş məşqçi bizdən başqa şeylər istəyir. Çalışırıq ki, onun istəklərini meydanda yerinə yetirək. Qırğızıstan yığması zəif deyil. Futbol oynamağa çalışırdılar, nəsə göstərirdilər. Əsas olan qələbə idi. Belə böyükhesablı qələbələr isə milliyə lazımdı. Çünki eyni zamanda özünəinamı artırır. Qarşıdakı oyunlara da ciddi hazırlaşmalıyıq. Yoxlama oyunlarından sonra Millətlər Liqasında çıxış edəcəyik. Son 3 oyunda komanda olaraq bir nöqtəyə köklənməliyik ki, vacib matçlarda səhvlərimiz olmasın.
- Milli komanda sanki bu gün birinci hissədə oynamadı. Bu rəqibin zəif olması ilə bağlı idi?
- Rəqibin güclü və zəif olması motivasiya cəhətdən problemlər yaradır. İstər-istəməz güclü rəqibə qarşı daha yaxşı hazırlaşırsan. Qırğızıstan millisi kimi komandalara qarşı da güclü hazırlaşmaq lazımdı. Hesabın belə olması bir az arxayınçılıq yaradırdı.
- Hesabın böyük olması rəqiblə bağlıdı, yoxsa yığmanın oyun planı inkişaf edib?
- Futbolçular baş məşqçinin dediklərini meydanda etməyə çalışırdılar. Düşünürəm ki, qol epizodlarımız yaxşı idi. Ürfanın vurduğu qolda da yaxşı epizod alındı. Rəqib də zəif idi. Amma əsas olan öz səhvlərimizdən nəticə çıxartmağı bacarmalı olmağımızdı. Zəif və güclü tərəflərimizi bilməliyik.
- Atıq 4-cü oyundur ki, Maksim Medvedevlə birgə müdafiənin mərkəzində oynayırsan. Bədavi Hüseynov da zədəsini sağaldıb sıraya dönəcək. Onunla birgə çıxış etməmisən. Qurban Qurbanov sizi birgə oynatsa, milli komanda Millətlər Liqasında problemlə üzləşə bilərmi?
- Sevinirəm ki, Bədavi artıq sağalıb və artıq komandanın düşərgəsindədi. Mənim üçün heç bir fərqi yoxdur. Əsas odur ki, milli üçün uğurlu çıxış edək və müdafiə xətti uğurlu təsir bağışlasın.
- Mövsümün sonu olduğuna görə futbolçuların klublarla müqaviləsi başa çatır. Qurban Qurbanov oyunçulara klublarla danışıqlar aparmağa icazə verirmi?
- İndi hamı milli komandanın təlim-məşq toplanışındadı. Fikirlərimizi bura yönəltmişik. Toplanış bitəndən sonra hər kəs danışıqlar edəcək.