Azərbaycan milli komandasının üzvləri Qazaxıstan yığması ilə keçiriləcək yoldaşlıq oyunu barədə AFFA-nın mətbuat xidmətinə fikirlərini bildiriblər.
Sportarena.az milli üzvlərinin sabahkı oyunla bağlı fikirlərini təqdim edir:
Emin Mahmudov: “Oyuna yaxşı hazırlaşmışıq. Bizi çətin oyun gözləyir. Çünki rəqib də güclü komandadı. Yaxşı oyun göstərmək üçün hazırlaşmışıq. Hər məşq oyunumuzu müsbətə doğru dəyişir. Bir sözlə, maraqlı oyun olacağını düşünürəm”.
Ruslan Abışov: “Bizi Qırğızıstanla oyundan sonra daha ciddi rəqiblə qarşılaşma gözləyir. Son oyunlarına da baxanda görürük ki, baxımlı futbol sərgiləyirlər. Rəqib çox yaxşı təsir bağışlayır. Düşünürəm ki, Millətlər Liqası öncəsi bizi çətin sınaq gözləyir. Sabah yaxşı mübarizə aparıb, qələbə qazanmaq istəyirik”.
Ürfan Abbasov: “Oyuna ciddi hazırlaşmışıq. Sabahkı oyunda qələbə qazanmaq istəyirik. Qırğızıstan yığması ilə oyundan sonra komandanın psixoloji vəziyyəti yaxşıdı. Bu vəziyyəti davam etdirmək istəyirik. Qazaxıstandan Latviyaya uğurlu nəticə ilə gedib, orda da yaxşı oynamaq fikrindəyik”.
Qara Qarayev: “Ardıcıl ikinci yoldaşlıq oyunumuzdu. Bu oyunlar bizim üçün çox vacibdi. Çalışacağıq ki, bu oyunda da qələbə qazanaq və komandanın özünəinamı artsın”.