Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatının birinci gününə yekun vurulub. İlk yarış günündə yeniyetmə (Challenge), həvəskar və veteranlar arasında 14 kateqoriyada qaliblər müəyyənləşib.
Sportarena.az xəbər verir ki, 12 və daha aşağı yaşlı idmançıların yarışında argentinalı Federiko Ariel Kapello birinci olub. 13-14 yaşlı velosipedçilərin mübarizəsində Ekvador idmançısı Pedro Xose Benalkazar Querrero fəxri kürsünün ən yüksəkpilləsinə qalxıb. Çempionatda 15-16 yaşlı idmançılar arasında fransalı Joris Bequin birinci yeri tutub. Həvəskarlar arasında 17-24 yaş kateqoriyasında Braziliya velosipedçisi Felippe Qonsalves bütün rəqiblərini qabaqlayaraq çempion olub.
Həvəskarların 25-29 yaş kateqoriyasında Hollandiya idmançısı Robin Van Der Kolk fərqlənib. 16 və daha aşağı yaşlı qızların yarışında ABŞ idmançısı Makkenziya Qeyhart birinci olub. 17-29 yaşlı həvəskar velosipedçilərin yarışında ilk pillədə hollandiyalı Suele Ruitenqa yer alıb. 30-34 yaşlı kişi veteranların yarışında Fransa təmsilçisi Çarli Qaillard bütün rəqiblərini qabaqlayaraq çempion adını qazanıb. 35-39 yaş kateqoriyasında kişilərin mübarizəsində boliviyalı Cid Martinez fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kişilər arasında 40-44 yaş kateqoriyasında mübarizədə Fransa idmançısı Kristof Tardivet birinci yeri tutub. Həmçinin 45-49 yaş kateqoriyasında holland Riçard Van Zomeren fərqlənib. Bakı mundialında kişilərin 50 və daha yuxarı yaş kateqoriyasında yeni zelandiyalı Paul Luttrell birinci pillədə qərarlaşıb. Qadınların mübarizəsində 30-39 yaş kateqoriyasında Çili təmsilçisi Karla Ortiz uğurlu çıxışı ilə yadda qalıb. Qadınlar arasında 40 və daha yuxarı yaş kateqoriyasında Hollandiya velosipedçisi Rebekka Neus-Viçman bütün rəqiblərini qabaqlayıb.
İyunun 6-sı, saat 09:30-da start veriləcək 2-ci yarış günündə yeniyetmə, həvəskar və veteranlar arasında daha bir neçə kateqoriyada qaliblər müəyyənləşəcək. Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunur. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə sabah qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.