Xəbər verdiyimiz kimi yeni mövsümdən Lənkəran Birinci Divizionda "Xan Xəzər-Lənkəran" klubu ilə təmsil olunacaq. Klub ianələr hesabına maliyyələşəcək və toplanacaq pullar əsasında fəaliyyət göstərəcək.
Klubla bağlı başqa detallar hələlik məlum olmasa da, futbol ictimaiyyəti bu məsələni diqqətdə saxlayır. Biz də bu məqamı nəzərə alaraq, nəinki Lənkəranın, hətta ölkə futbolun tarixində böyük iz buraxmış "Xəzər Lənkəran"ın rəsmisi ilə danışmaq qərarına gəldik.
Buna səbəb "Xəzər Lənkəran"ın klub olaraq fəaliyyətini dayandırmamasıdı. Əsas və əvəzedici komanda AFFA və PFL-in bayrağı altında keçirilən yarışlarda iştirak etməsə də, aşağı yaş qrupları üzrə komandalar müxtəlif liqalarda oynayır. Belə olan halda, "Xan Xəzər-Lənkəran"a hansı dəstək verilə bilərmi?
Sportarena.az-ın suallarını klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu cavablandırdı:
- Bu günlərdə "Xan Xəzər-Lənkəran" klubu yaradıldı. "Xəzər Lənkəran"ın əsas komandası fəaliyyətini dayandırsa da, aşağı yaş qrupları üzrə komandaları müxtəlif yaş qrupları üzrə liqalarda çıxış edir. "Xəzər Lənkəran"ın yeni yaradılan kluba münasibəti necədi?
- Klub və komanda ayrı-ayrı anlayışdı. Mən də sosial şəbəkədən oxuduğum qədər oxuyuram. Bildiyim qədəri ilə komanda yaranır. Bunu alqışlayırıq. Şəhərin qoy 5 komandası olsun, bunun nəyi pisdi? Ən son Regional Liqada komanda yaranmışdı. AFFA və yerli icra orqanlarından başqa biz də meydança ilə bağlı kömək edirdik. Ancaq bildiyim qədəri ilə orada da futbolçulara maaş verməyə pul tapılmırdı. Nəzərə alaq ki, söhbət həvəskar liqadan gedirdi. Yeni komanda ilə bağlı bizə müraciət edən olmayıb. Bildiyim qədəri ilə komandanı yaradanlar lənkəranlı deyil. Yəqin ona görə görüşmək imkanı olmayıb.
- Qarşı tərəfdən müraciət daxil olarsa, klub olaraq onlara kömək edərsinizmi?
- Biz AFFA yaxud PFL deyilik ki, komanda yaxud klub yaradana kömək edək. Baxır kömək nədən ibarətdi.
- Bəs "Xəzər Lənkəran"dan sonra yaradılan bu komanda yerli azarkeşlərin "Xəzər Lənkəran" həsrəti, sevgisi fonunda diqqət cəlb edə və dəstək ala biləcəkmi? Təcrübəli klub rəsmisi kimi fikriniz maraqlı olardı...
- Bu, çox geniş mövzudu. Həddindən artıq geniş. Qısaca, bir lənkəranlı kimi, 1982-ci ildən stadionda böyüyən biri kimi, topdaşıyandan klub rəsmisinə kimi yol keçən biri kimi fikrimi deyim. Deyirler yeni yaranan komanda ianələr hesabına fəaliyyət göstərəcək. Mən də sizə bir fakt deyim. Ölkənin ən böyük azarkeş dəstəyi alan klubu olan "Xəzər Lənkəran"ın fan-şopu indiyə kimi cəmi 80 min manat civarında alver edib. Bu fakt yetərlidirmi ki, 400 min ianə hesabı cəhdinə qiymət verək? Digər tərəfdən biz lənkəranlılar hər şeyin ya ən yaxşısını istəyirik, ya da istəmirik. "Palmali"nin "Xəzər Lənkəran"ından sonra bu tərəflərdə yeni bir ən yaxşıya ümid etmirəm.
Heybət Məmmədov