Maqnus Karlsendən Şəhriyar Məmmədyarova ağır ittiham

11:53 6 İyun 2018

Şahmat üzrə dünya çempionu Maqnus Karlsen azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovu rusiyalı Sergey Karyakinlə danışılmış oyunlar keçirməkdə ittiham edib.

 

Sportarena.az xəbər verir ki, Karlsen bunu Norveçdə keçirilən Stavanqer superturnirində iki şahmatçı arasında heç-heçə ilə nəticələnən III tur qarşılaşması barədə TV2-yə danışarkən bildirib. O deyib ki, Məmmədyarovla Karyakin əvvəlki turnirlərdə də heç-heçəyə razılaşıb:

 

"Onlar Norveçdə də əvvəlcədən razılaşmışdılarsa - hərçənd, heç bir sübutum yoxdur - buna təəccüblənmərəm. Bəlkə birgə çalışan və dost olan insanların partiyaları izlənilsin?! O zaman yalanı üzə çıxarmaq olar. Belə hallara maraqla tamaşa edirəm. Xoşbəxtlikdən, dünya çempionatlarında bu, mümkün deyil. Özüm məşğul olmuram, amma bunu digər insanların etməsinə mane olmaq çətindir".

 

Stavanqer superturnirində Şəhriyar Məmmədyarov ağ fiqurlarla Sergey Karyakinlə III tur qarşılaşmasını 28-ci gedişdə heç-heçə ilə başa vurub. Apreldə Vüqar Həşimovun xatirəsinə keçirilmiş "ShamkirChess 2018" superturnirində onlar 57-ci gedişdə heç-heçəyə razılaşıblar. Martda Almaniyanın paytaxtı Berlində təşkil olunmuş İddiaçılar Turnirində isə Məmmədyarov ilk turda qara fiqurlarla Karyakini 71-ci gedişdə yensə də, ağ fiqurlarla keçirdiyi VIII tur qarşılaşmasını 30-cu gedişdə "sülh"lə başa vurub. Stavanqer superturnirində 7 turdan sonra Karyakin Uesli So (ABŞ), Vişvanatan Anand (Hindistan) və Levon Aronyanla (Ermənistan) birgə ilk "4-lüy"ü, Məmmədyarov isə Karyakin, Hikaru Nakamura (ABŞ) və Fabiano Karuana (ABŞ) ilə birgə 5 - 8-ci yerləri bölüşür. Bu gün keçiriləcək VIII turda Karlsen ağ fiqurlarla Məmmədyarovu sınağa çəkəcək. (Report)


Digər xəbərlər

Xəbər xətti