Yola saldığımız 2017/18-ci illər mövsümü «Zirə» üçün uğursuz oldu. Medalçılar sırasına düşməməsi bir yana, «Keşlə»nin Azərbaycan kubokunu götürməsi üzündən komanda avrokuboklardan da kənarda qaldı. Oxşar vəziyyəti klubun futbol akademiyasına da şamil etmək olar. «Zirə»nin AFFA-nın bayrağı altında keçirilən liqalarda iştirak edən 9 komandasından heç biri hansısa əyar medal qazana bilmədi. Halbuki mövsümün gedişindən azı 2 yaş qrupu buna çox yaxın idi.
Sportarena.az xəbər verir ki, «Het-trik news» qəzeti «Zirə» Futbol Akademiyasının rəhbəri Adil Şükürovdan uğursuzluğun səbəbləri, akademiyadakı vəziyyət, görülən işlər, planlarla bağlı müsahibə götürüb. Həmin müsahibəni təqdim edirik:
- 2017-ci ilin əvvəlində akademiyaya rəhbərlik mənə həvalə olunanda burada işlərin istənilən səviyyədə qurulmadığını, nəzarətin aşağı olduğunu gördüm. Rəhbərliklə görüşüb təkliflərimi verdim, dəstəyin vacibliyini bildirdim. Klub rəhbərliyinin dəstəyi və nəzarəti olmadan hansısa uğur qazanmaq qeyri-mümkündür. Bundan sonra sırf akademiyanın xərcləri üçün büdcə ayrıldı. Doğrudur, həmin büdcə məktəbi akademiya səviyyəsinə qaldırmağa bəs etməsə də, müəyyən işlər görmək üçün kifayətdir. Azından uşaqlar üçün nəsə etməyə gücümüz çatır.
«Zirə»nin Futbol Akademiyasında ayrı-ayrılıqda 10 yaşından 19 yaşa kimi futbolçulardan təşkil olunmuş 9 komanda var. Bu komandalarda 200-dən çox uşaq futbolun sirlərini öyrənir. Onlardan 180-i ilə müqavilə bağlamışıq. Bizdə perspektivli uşaqlar çoxdur, aralarında imkansız ailədən olanları az deyil. 15-19 yaşlı 40-a yaxın uşağa aylıq maliyyə yardımı edirik. Hər yaş qrupu ilə bir məşqçi məşğul olur. Qapıçılarla işləyən məşqçilər, həkimlər, adminstratorlar da öz yerində.
- 20-25 futbolçunun olduğu qrupda bir məşqçi az deyilmi?
- Ayrılmış büdcə əlavə məşqçilər götürməyə imkan vermir. Vaxtilə futbolçu həyatı yaşamış, lakin müxtəlif səbəblərdən futbolu ataraq məşqçiliyi seçən bir neçə gənc var ki, təcrübə toplamaq üçün bizdən kömək istəyiblər. Onlara köməyimiz müxtəlif yaş qruplarında köməkçi məşqçi kimi işləmələrinə şərait yaratmaqdır. Sözügedən çatışmazlığı belə gənclərin hesabına müəyyən qədər aradan qaldırırıq. Bundan başqa, imkan daxilində bir yaş qrupunun məşqçisi digər yaş qrupunun məşqçisinə gömək edir.
- Məktəb Aviasiya Akademiyasının stadionunda məskunlaşıb. Səhv etmirəmsə, komandalar bütün məşqləri və oyunları orada keçirirlər. 9 komanda üçün cəmi bir meydan?
- Aşağı yaş qrupları oyunlara 7 nəfərlə çıxdıqları üçün onların məşqlərini klubun təsisçisi «Azfar»ın şəhərdə yerləşən mini-futbol meydançalarına salmışıq. Bu işdə təsisçimizin bizə böyük köməyi dəyir. Yuxarı yaş qruplarının hamısı isə Aviasiya Akademiyasının stadionunda həm məşq edirlər, həm də ev oyunlarını keçirirlər. Artıq, bir ildir ki, orada məskunlaşmışıq. Qarşıdakı mövsümü də həmin məkana sığınacağımız dəqiqdir. Məşqləri, oyunları elə salırıq ki, üst-üstə düşməsin, futbolçular rahat məşq edə bilsinlər. Bu sarıdan hələlik ciddi bir çətinliklə üzləşməmişik.
- Futbol Akademiyasının vacib şərtlərindən biri də akademiyanın öz meydanlarının, yaşayış yerinin olmasıdır…
- Bu gün 1-2 klub var ki, onlarda əsl futbol akademiyaları mövcud olub və olmaqdadır. Məsələn, fəaliyyətini dayandırmış «Bakı» klubunu misal çəkə bilərəm. Yaxud, «Qəbələ»nin futbol akademiyasını. Akademiya elə bir yerdir ki, futbolçular orada qalmalı, qidalanmalı, təhsil almalı, məşq keçməlidir və s. «Bakı»nın akademiyası bütün bu şərtlərə cavab verirdi. İndi ancaq «Qəbələ»də belə şərait var. Qalan klublarımız isə… Onlarda futbol akademiyası deyil, futbol məktəbləri fəaliyyət göstərir. «Zirə» də bura daxildir. Təəssüf ki, indiki imkanla akademiya arzusunu gerçəkləşdirmək mümkün deyil. Stadion problemini həll etmək üçün külli-miqdarda vəsait lazımdır. Amma yaşayış yeri barədə yaxşı xəbər var. Aviasiya Akadeymiyasında tələbələr üçün yeni bina tikilir. Rəhbərliklə danışmışıq, bina hazır olanda bölgələrdən gələn uşaqların yerləşdirilməsi üçün bizə 4 otaq ayıracaqlar.
- Hazırda məktəbin neçə futbolçusu milli komandalara dəvət alır?
- 15-ə yaxın. Fikrimcə, 2 yaşlı məktəb üçün yaxşı nəticədir.
- 9 yaş qrupundan heç biri bu mövsüm mükafatçılar sırasına düşə bilmədi.
- 2 yaş qrupumuz - U-15 və U-16 mövsümün əvvəlindən sonuna kimi 2-3-cü yerlərdə qərarlaşmışdılar. Bu yaş qruplarından medal gözləntimiz böyük idi. Təəəssüf ki, yekunda hər 2 komandamız mövsümü medalların bir addımığında - 4-cü yerdə bitirdi. Halbuki mövsümü ən azı 3-cü yerlə başa vura bilərdik. Bunun bəzi səbəbləri var - ələ düşən qol epizodlarından yararlana bilməmək, üstün oynadığımız oyunlarda xal itkiləri, bəzən də məşqçilərimizin oyunun gedişində verdikləri səhv qərarlar… Akademiya rəhbəri kimi çatışmazlıqları özüm üçün müəyyənləşdirmişəm. Onları aradan qaldırmaq üçün planlarım var, yeni proqram hazırlamaq lazımdır. Məşqçi səhvlərinə gəlincə, bunları yaxın günlərdə keçirəcəyimiz toplantıda geniş müzakirə edəcəyik. Fikrimcə, yeni qurulmuş məktəb olaraq əlimizə düşən bütün imkanlardan yararlanmağa borcluyuq.
Hər halda mövsümü əliboş başa vurmadıq. AFFA-nın keçirdiyi liqalarda olmasa da, fərqli turnirlərdə 2 komandamız qalib oldu. Fevralda «Fənərbaxça» Futbol Məktəbinin Bakıda təşkil etdiyi beynəlxalq turnirdə U-13, mayda isə Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi münasibətilə Sumqayıtda keçirilən turnirdə U-10 komandamız 1-ci yeri tutdu.
- Bir rəhbər kimi akademiyanın məşqçlərinin işindən razısız?
- Ötən illə müqayisədə bu il razıyam. Yeni mövsümdə dəyişikliklər gözlənilir. Məktəbə köhnələri saxlamaq şərtilə, yeni məşqçiləri dəvət etmək fikrindəyik. Dəyişikliklər təkcə məşqçilərlə bağlı deyil. Bayaq qeyd etdiyim kimi, Aviasiya Akademiyasının yeni inşa etdiyi yataqxanadan 4 otaq götürmüşük. Seleksiya işləri aparılacaq. Bölgələrdən götürdüyümüz istedadlı uşaqlar orada məskunlaşacaqlar. Haradasa, 15 yaşdan yuxarı 10-12 futbolçu götürmək fikrimiz var.
- Liqaların səviyyəsi sizi qane etdimi? Hansı çatışmazlıqlar mütləq həll olunmalıdır?
- Məktəbə yeni rəhbər təyin olunanda ilk gözə dəyən hakimlərlə bağlı problem idi. Təsəvvür edin ki, 12 və 13 yaşlı futbolçuların oyunlarını cəmi bir hakim idarə edirdi. Bizim də iradımızdan sonra bu problem həllini tapdı. Amma indi başqa problem ortaya çıxıb. Həmin hakimlərə nəzarət edən yoxdu. Başqa sözlə, matçlara hakim-inspektorlar təyinat almırlar. Bu da bəzi hakimlərin özbaşınalığına yol açır. Başqa bir çatışmazlıq çempionatların keçirilməsi ilə bağlıdır. Aşağı yaş qruplarında final mərhələsinə düşməyən komandalar faktiki 8-9 ay futbolsuz qalır. Uşaq bu müddətə futbol oynamırsa, hansı inkişafdan danışmaq olar? Və ya həmin uşaq nəyə görə futbolla məşğul olmalıdır? 2-3 ay olsa, başa düşmək olar. Amma 8-9 ay… Yuxarı yaş qruplarında isə komanda sayının, o cümlədən bölgə təmsilçilərinin azlığı, stadion çatışmazlığı, oyunların dərslərlə üst-üstə düşməsi həlli vacib olan ən böyük problemlərdəndir.
- Akademiyanın şəhərdən kənarda olması yəqin ki, akademiyaya futbolçu axınına mane olur.
- Tamamilə doğrudur. Təəssüf ki, bu gün «Zirə»yə ikinci dərəcəli komanda kimi yanaşırlar. Bakıda olan klublardan «Neftçi»yə, «Keşlə»yə, «Qarabağ»a olan yanaşma daha yaxşıdır. Söhbət valideynlərdən gedir. Təbii ki, valideyn övladının daha münasib stadionda məşq keçməsini istəyir, nəinki şəhərdən kənarda. Bu üzdən istedadlı uşaqların bizə axını çox azdır. Pis çıxmasın, daha çox digər klublara lazım olmayan futbolçular məcburiyyətdən bizə üz tuturlar. Onlara isə nəyi isə öyrətmək həm bir qədər çətin olur, həm də vaxt aparır.
Başqa bir maraqlı məqam. Bizim aşağı yaş qruplarımız «Azfar»ın şəhərdə yerləşən mini-futbol meydançalarında məşq keçirlər. Məşqə, formaya görə pul almırıq. Uşaqların bacardıqca daha çox oyun keçirməsinə çalışırıq. Təsəvvür edin ki, hansısa pullu fəaliyyət göstərən, formaları pulla satan ara futbol məktəblərinə axın çoxdur, nəinki ölkəmizi Avropada təmsil edən bir klubun futbol məktəbinə. Nə qədər araşdırsam da, bunun səbəblərini hələ də tapa bilməmişəm. Təbii ki, zamanla hər şey yoluna düşəcək. Sadaladığım çatışmazlıqlar, problemlər bizi həvəsdən sala bilməz, fəaliyyətimizi davam etdiririk. Yaxınlarda yeni layihəyə start verəcəyik. Artıq bu barədə rəhbərliyin razılığını almışıq. Respublikada fəaliyyət göstərən türk litseylərinin nəzdində futbol dərnəkləri açacağıq. Həm uşaqlar futbolla məşğul olacaq, həm də onların arasında seçilənləri, bacarığı olanları akademiyamıza dəvət edəcəyik. Məncə, futbolun kütləviləşdirilməsi, uşaq futbolunun inkişafı baxımından vacib layihədir.
- «Zirə»nin avrokuboklardan kənarda qalması akademiyanın fəaliyyətinə təsir edəcək?
- Praktikada görmüşük ki, qarşılarına avrokuboklara düşmək vəzifəsi qoyulmuş bəzi klublar məqsədlərinə çatmayanda bu, akademiyaların fəaliyyətinə mənfi mənada təsir edib. Amma bizdə belə deyil. Məktəb üçün büdcə ayrılıb və əsas komandanın akrokuboklara düşməsindən asılı olub-olmayaraq, həmin büdcə çərçivəsində işimizi görürük. Bəlkə də büdcəni müəyyən qədər aşmışıq. Təəssüf ki, əsas komandamız bu mövsüm Avropa səhnəsinə çıxa bilməyəcək. Amma bunun məktəbin fəaliyyətinə təsir edəcəyinə inanmıram.