Rusiya millisinin heyətində dünya çempionatında iştirak edəcək azərbaycanlı futbolçu Aleksandr Səmədov haqda bu ölkənin mətbuatda yazı işıq üzü görüb.
Sportarena.az xəbər verir ki, yazıda Səmədovun Azərbaycan millisindən imtina etməsinin səbəbləri haqda məlumat verilib. 33 yaşlı futbolçunun milli komanda seçimində atasının rol oynadığı vurğulanıb:
“2009-cu ildə Qus Hiddink onun yığmaya dəvət almağa namizədlərdən biri olduğunu deyirdi. Amma o, milli komandaya dəvət almırdı. Səmədova atasının bağlı olduğu Azərbaycandan dəfələrlə təkliflər gəlirdi. Ancaq o bu təklifləri qəbul etmirdi. Səmədov bunu məhz atasının istəyi ilə edirdi. Atası oğlunun Rusiya millisində oynayacağına inandığı üçün bu addımı atırdı.
Bundan başqa, Səmədov Rusiyada legioner statusu daşımaq istəmirdi. Səmədov yalnız 27 yaşında Rusiya yığmasında debüt edə bildi. O, 2011-ci il oktyabrın 7-də AÇ-2012-nin seçmə mərhələsində Slovakiyaya qarşı oyunda buna nail oldu. Avropa çempionatından sonra Səmədov "Lokomotiv"ə qayıtdı və klubda vacib fiqura çevrildi. O, 2014-cü ildə Braziliyada keçirilən mundialın qrup matçlarında oynadı, lakin milli uğursuz çıxışla yadda qaldı. Səmədov AÇ-2016-nın final mərhələsində Uelsə qarşı matçda forma geyindi".
Mərhum Fuad Musayevin AFFA prezidenti olduğu dövrdə Səmədov Bakıya gələrək, Azərbaycan millisinin toplanışında iştirak edib. Amma sonradan futbolçu Rusiya yığmasında oynamaq qərarı verdi.