A seriyasına yüksələn sonuncu klubun adı məlum oldu

13:10 17 İyun 2018

İtaliya A Seriyasında növbəti mövsüm çıxış edəcək sonuncu iştirakçının da adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, həlledici oyunda “Frozinone” ilə “Palermo” klubları üz-üzə gəlib. Bu komandalar arasındakı ilk oyunda “Palermo” 2:1 hesabıyla üstün olub. Cavab görüşündə isə “Frozinone” 2:0 hesabıyla qalib gəlməklə elitaya vəsiqəni təmin edib.

 

Lakin cavab görüşü kifayət qədər gərgin keçib. Bunda hakimin bir neçə mübahisəli qərar qəbul etməsi də təsirsiz ötüşməyib. Amma ən böyük qalmaqal “Frozinone”nin ehtiyat oyunçular skamyasında əyləşən futbolçuların meydana qəsdən toplar ataraq vaxt öldürməyə çalışması olub.

 

Matç bitən kimi “Palermo” tərəfi baş verənlərlə bağlı etirazını bildirib. Sözügedən klub bu oyunun nəticəsinin ləğv olunmasını tələb edib. Bu üzdən də hələlik, İtaliya futbolunun rəhbərliyinin yekun qərarının necə olacağı bilinmir.

 

Hazırkı nəticələrə görə isə, “Frozinone” “Empoli” və “Parma” ilə birgə növbəti mövsüm A Seriyasında mübarizə aparmalıdı. Bu klublar son mövsümdə elitanı tərk edən “Benevento”, “Verona” və “Krotone”ni əvəz edəcəklər.


Digər xəbərlər

Xəbər xətti