Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilir.
Sportarena.az xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı yenə son ölkə çempionu “Qarabağ” təmsil edəcək. Ağdam klubu mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq. Püşkatma zamanı daha yüksək reytinqlilərin olduğu səpələnmişlər səbətində yer alan “Qarabağ”ın 5 potensial rəqibi var idi. Bunlar “Şkendiya” (Makedoniya), “Düdelanj” (Lüksemburq), “Olimpiya” (Sloveniya), “Suduva” (Litva) və “Torpedo” (Kutaisi, Gürcüstan) klubları idi.
Bakı vaxtı ilə saat 14:00-da başlayan püşkatma “köhlən atlar” üçün Sloveniyanın “Olimpiya” klubunu çıxarıb. Beləliklə, “Qarabağ” Avropanın əsas klub yarışında mübarizəyə Sloveniya təmsilçisi ilə start verəcək.
Çempionlar Liqası: 1-ci təsnifat mərhələsi
Olimpiya (Sloveniya) - Qarabağ (Azərbaycan)
Şkendiya (Makedoniya) - TNS (Uels)
Torpedo (Kutaisi, Gürcüstan) - Şerif (Moldova)
Düdelanj (Lüksemburq) - Videoton (Macarıstan)
Suduva (Litva) - APOEL (Kipr)
Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.