Artıq neçə gündü ölkə mətbuatının gündəmini növbəti məmur özbaşınalığı ilə bağlı mövzu zəbt edib. Belə ki, Azərbaycanın ilk kommersiya banklarından olan “Günay Bank” ASC-nin İdarə Heyətinin sədr müavini Emin Zeynalov əmanətçilərin pullarını götürərək ölkədən qaçıb.
Sportarena.az xəbər verir ki, onun bankdan 100 milyon manata yaxın vəsait çıxardığı bildirilir. Ehtimal ki, pullar əvvəlcədən hansısa ofşor şirkətlərin hesablarına axıdılıb. Deyəcəksiz ki, bunun idmandan, xüsusi ilə futboldan yazan mediaya nə aidiyyatı var? Tələsməyin, oxuduqca hər şey sizə aydın olacaq.
Deməli, Zeynalov əvvəllər ölkənin böyük banklarından birində departament rəhbəri olub, 2017-ci ilin aprelində “Günay Bank”ın idarə heyətinin sədr müavini təyin edilib. “Günay Bank ASC” 1992-ci ildən fəaliyyət göstərir və Azərbaycanın bank sektorunu 2015-də bürümüş dərin böhrana baxmayaraq, ayaqda qala bilmişdi. Hətta bankların əksəriyyəti ili zərərlə başa vursa da, “Günay Bank” ötən il təmiz gəlir əldə edən azsaylı banklardan biri olub.
Bankın əsas səhmdarları Mahmud Məmmədov və Yeganə Şirinovadı. Onlar bankın səhmlərinin 89,76 faiz hissəsinin sahibidi. Mahmud Məmmədov bankın Müşahidə Şurasının sədridi. 2017-ci il üçün maliyyə hesabatına əsasən “Günay Bank” ASC-ni cəmi aktivləri 186 milyon manat olub.
Bankın müştəri hesabları üzrə öhdəlikləri 94 milyon manatdan yuxarı olsa da, cəmi nizamnamə kapitalı 57,4 milyon manatdan yuxarıdı. Bu rəqəmlərdən də göründüyü kimi, bankir Zeynalov bankı faktiki olaraq boşaldıb.
Emin bəy həm də ötən il birinci dəstənin çempionu olan “Xəzər”in sahibidi. Atası “ZZ Group”u yaradan Zakir Zeynalovdu. Gənc iş adamının 40 milyon manatı öncə ofşor şirkətlərə ötürdüyü, bir neçə gün öncə isə ölkəni tərk etdiyi bildirilir.
Zeynalovun yalnız bankdakı fəaliyyətinin deşifrə olunmadığı söylənilir. Belə ki, onun bir sıra nüfuzlu biznesmenlərdən borca pul götürdüyü və qaytarmadığı deyilir. Bu səbəbdən atasının ona məxsus ev və avtomobilləri təcili surətdə satışa çıxardığı qeyd olunur.
“Xəzər” aşağı dəstənin qalibi olsa da, AFFA tərəfindən Premyer Liqaya buraxılmadı. Həmin vaxt çoxu bu addıma görə assosasiya rəhbərliyini qınasa da, hadisələrin axarı Elxan Məmmədovun düzgün addım atdığını ortaya qoydu.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) “Günay Bank”da yoxlama aparması işin görünən tərəfidi. Burdan məlum olur ki, Zeynalov sədr müavini olduğu bankdan niyə zəmanət məktubu alıb AFFA-ya verə bilmirmiş. Baş katib AFFA-nın mayın 11-də keçirilən iclasından sonra təşkil olunan brifinq zamanı “Xəzər” lazım olan lisenziya tələblərini yerinə yetirməyib” deyəndə, çoxu bunu “Sabah” üçün yol açmaq, cəmi 1 il fəaliyyət göstərən komandanın haqqının yeyilməsi kimi dəyərləndirmişdi. Görünür, AFFA-da oturanlar Zeynalovun başının üstünü qara buludlar almasından xəbərdar olublar. “Günay Bank”ın Müşahidə Şurasının sədri Mahmud Məmmədov da mətbuata açıqlamasında bildirib ki, Emin bəyin bankdan kənarda biznes tərəfdaşları ilə borc problemi olub:
“Bu məsələdən xəbər tutan kimi onu çağırdım və işdən azad etdim. Amma xaricə qaçması barədə məlumatlar əsassızdı”. (Futbol+)