Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən Portuqaliya - Mərakeş oyunu birincilərin hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub.
Sportarena.az xəbər verir ki, qarşılaşmanın 4-cü dəqiqəsində rəqib qapısına yol tapan Madrid “Real”ının ulduz futbolçusu bununla da komandasına mundialda ilk qələbə sevincini yaşatmış oldu. Lakin bu qol həm də onun 62 illik bir rekordu qırması ilə yaddaqalan olub.
Məsələ burasındadı ki, milli formada vurduğu qolların sayını 85-ə çıxaran Ronaldo macarıstanlı əfsanəvi futbolçu Ferens Puşkaşın rekordunu geridə qoyub. Macarıstan yığmasının əfsanəvi üzvü Avropa komandaları arasında ən çox qol vuran oyunçu idi – 84. Lakin bu mundialda 4 qol vuran Ronaldo artıq Avropa yığmalarının ən çox qol vuran futbolçusudu. Kristiano buna 152-ci milli oyununda nail olub. Puşkaş isə həmin rekordu 85 oyunda rəsmiləşdirmişdi.
Xatırladaq ki, 33 yaşlı Ronaldo bu DÇ-də daha öncə başqa bir rekorda da imza atmışdı. Belə ki, o, İspaniya ilə ilk oyunda het-trik etməklə dünya çempionatları tarixində bir oyunda 3 qol vuran ən yaşlı oyunçu ünvanına sahib çıxmışdı.
Dünya futbolu tarixində milli komandada vurduğu qol sayına görə rekord isə İran millisinin sabiq hücumçusu Əli Daeidi. O, 149 oyunda 109 qola imza atıb.