“Ötən mövsüm “Olimpiya” cəmi 3 oyunda uduzub. Ona görə də indi ən azından bu uğuru təkrarlamaq istəyirik”.
Sportarena.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiya” klubunun baş məşqçisi İliya Stolitsa deyib. Avrokuboklarda yaxşı çıxış etmək istədiklərini söyləyən gənc mütəxəssis “Qarabağ”dan da danışıb:
“Planlarımıza avrokuboklarda uğurlu çıxış etmək də daxildir. Çempionla Liqasında bizə çox güclü rəqib düşdü. “Qarabağ”ın qrup mərhələsində oynaması çox şeydən xəbər verir. Onların güclü heyəti var. Ancaq bizim də fəal azarkeşlərimiz, gözəl strukturumuz və əla oyunçularımız var. Yeni transferlər də bizə kömək edə bilərlər”.
Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında ilk görüş iyulun 11-i Lübyanada keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı isə iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Bu görüşün başlama saatı isə 21:00-dır.