İtaliyanın “Roma” klubu növbəti transferini rəsmiləşdirib.
Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi Fransa çempionu PSJ-dən yarımmüdafiəçi Xavyer Pastoreni heyətinə cəlb edib. Bu barədə “canavarlar”ın rəsmi saytı məlumat yayıb. Argentinal pleymeyker yeni klubu ilə 2023-cü ilin iyununa kimi müqavilə imzalayıb. 29 yaşlı futbolçunun transferi “Roma”ya 24,7 milyon avroya başa gəlib. Pastore “Roma”da 27 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, argentinalı futbolçu 2011-ci ildən PSJ-də çıxış edirdi. O, bu klubda meydana çıxdığı 184 oyunda 29 qola imza atıb. Pastore Paris təmsilçisinə 2009-2011-ci illər aralığında çıxış etdiyi İtaliyanın “Palermo” klubundan transfer edilmişdi. Bir sözlə, bu, onun İtaliyaya ikinci gəlişidi. Argentina yığmasında da 29 oyun keçirmiş futbolçu millidə 2 qola imza atıb.