Fransanın “Monako” klubu heyətini yeni futbolçularla gücləndirib.
Sportarena.az xəbər verir ki, “knyazlıq klubu” Liqa 1-in digər təmsilçisi “Sent-Etyen”dən müdafiəçi Ronael Pyer-Qabrieli transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı fransalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. 2015-ci ildən “Sent-Etyen”in əsas komandasına cəlb olunan futbolçu geridə qalan mövsümdə Fransa çempionatında 16 oyuna çıxıb. O, həm də Fransanın gənclərdən ibarət yığmasının şərəfini qoruyur.
“Monako”nun digər transferi Portuqaliyanın “Riu Ave” klubundan alınan “Pele” ləqəbli Judilson Mamadu Tunkara Qomesdi. 26 yaşlı Qvineya Bisau əsilli portuqaliyalı yarımmüdafiəçi peşəkar karyerasında “Belenenseş”də başlayıb. O, sonralar “Milan” və “Benfika”da da çıxış edib. Geridə qalan mövsümdə Portuqaliya çempionatında 31 oyuna çıxan futbolçu 7 qola imza atıb.
Daha bir transfer İngiltərənin “Çelsi” klubundan alınan Conatan Panzodu. 18 yaşlı ingilis müdafiəçi məhz London klubunun yetirməsidi. Ölkəsinin gənclərdən ibarət yığmasının şərəfini qoruyan arxa xətt oyunçusu həm millidə, həm də “Çelsi”də çoxsaylı titullar qazanması ilə seçilir.
“Monako” italiyalı müdafiəçi Antonio Barekkanı da heyətinə qatıb. 23 yaşlı futbolçu “Torino”dan transfer edilib. Peşəkar karyerasına icarə əsasında oynadığı “Çittadella”da başlayan futbolçu daha bir mövsüm də “Kalyari”də çıxış edib. Hansı ki, o, bu komanda ilə B Seriyasının qalibi olub. Son iki mövsümdə isə Barekka doğma “Torino” ilə A Seriyasında oynayıb. İtaliyanın gənclərdən ibarət yığmasının üzvüdü.