Media nümayəndələri Rizvan Fərzəliyevin "Araz"dan hörmətsiz göndərilməsini pislədilər - SORĞU

11:54 13 İyul 2018

Bir neçə gün əvvəl mətbuatda «Araz» Futzal Klubunun bir neçə aparıcı futzalçısı ilə müqavilənin uzadılmaması barədə xəbər dərc olundu. Bu futzalçılar arasında bir ad daha çox diqqət çəkdi. Söhbət «Araz»ın və Azərbaycan yığmasının kapitanı Rizvan Fərzəliyevdən gedir. Heç bir səbəb göstərilmədən futzalımızın «1 nömrə»sinin 15 ildən çox şərəfini qoruduğu komandadan hörmətsiz-izzətsiz uzaqlaşdırılması nə kluba, nə də onun rəhbərliyinə başucalığı gətirə bilməz. Bu barədə qərar kimdən gəlib? Komandanın baş məşqçisi Alesio da Silva hazırda vətənində istirahətdədir və böyük ehtimalla bu qərarı o, verməyib. Komandanın məşqçisi Marat Salyanski uzun müddət Fərzəliyevlə çiyin-çiyinə oynayıb, yaxşı münasibətləri var və komandanın aparıcı futbolçusunun uzaqlaşdırılması ideyasının ondan gəlməsi, ümumiyyətlə, Salyanskinin rəhbərlikdən icazəsiz bunu etməsi inandırıcı deyil. Klubun rəhbər şəxslərindən Ruslan Məmmədov? Xeyr! Ruslan bəyin klubun prezidenti ilə razılaşdırmamış hansısa qərar verməsi mümkünsüzdü. Qalır klubun rəhbəri Zaur Axundov. Hər halda qərarı kim veribsə, fikrimizcə, komandanın ilk günlərindən formasını geyindiyi Rizvana qarşı böyük haqsızlıq edib.

 

Məsələ ilə bağlı Ruslan Məmmədov və Marat Salyanski ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Bir neçə dəfə zəng etsək də, məşqçidən münasibət öyrənə bilmədik. Zaur Axundovla əlaqə yaratmağın çətinliyi hamıya məlumdur. Hazırda ölkə xaricində olduğu deyilən Rizvan Fərzəliyevlə də ünsiyyət qura bilmədik. Hər halda idman mediasında tanınmış bir neçə həmkarımızdan məsələyə münasibət öyrəndik.

 

«Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli bunu həm Rizvan Fərzəliyevə, həm də ölkə futzalına hörmətsizlik kimi dəyərləndirdi: «Vəziyyət dediyiniz kimi olubsa, bu, həm Rizvan Fərzəliyevə, həm də Azərbaycan futzalının ənənələrinə hörmətsizlikdi. Söhbət son 15 ildə yerli futzalın simasını müəyyənləşdirənlərdən birindən, yığmanın kapitanından gedir. Bildiyimə görə, Rizvanın karyerasını bitirmək fikri yoxdu. Elə iki həftə əvvəl qəzetimizə verdiyi müsahibədə oynamaq istədiyini demiş, bir çox prinsipial məsələlərdə hazırda futzala rəhbərlik edənlərin mövqeyini dəstəkləmişdi. Odu ki, belə laqeydliyin səbəbləri mənə qaranlıq qaldı. Hər halda, Rizvan futzaldan belə getməməlidi. “Araz”da da olmasa, istənilən başqa komandada sözünü deməyə qadirdi».

 

Bir vaxtlar Rizvan Fərzəliyevlə komanda yoldaşı olmuş «Het-trik news» qəzetinin baş redaktoru İlqar Tağıyev də Rizvan haqqında verilən məlum qərarı pislədi: «Dost olduğumuza görə Rizvanın «Araz»dan uzaqlaşdırılması haqqında fikrim onun tərəfini tutmaq kimi də yozula bilər. Bütün hallarda kapitanın «Araz»dan bu formada göndərilməsinə heç cür bəraət qazandıra bilmərəm. Adam 15 ildən çoxdur ki, «Araz»da oynayıb, illərdi kapitandı, çətin vaxtlarda kollektivi arxasınca apara, toparlaya bilən birisidi. «Araz»ın, yığmanın qazandığı uğurlarda Rizvanın rolu danılmazdır. Bu qədər əziyyətin qarşılığı belə olmamalı idi. Azından klub rəhbərliyi futzalçı ilə futzalımız adına etdiklərinə görə əl sıxıb ayrılmalıydı. Daha ismarıcla yox. «Araz»la müqaviləsinin artırılmaması Rizvanın yaşının çoxluğu, fiziki cəhətdən «çatdırmaması» ilə əlaqələndirilə bilər. Əslində, belə deyil. Çempionat oyunlarında, Avropa birinciliyində 39 yaşlı Fərzəliyevin fiziki durumunun qaydasında olduğunun şahidi olmuşuq. Demək, səbəb başqadı. Bunu nə mən bilirəm, nə də Rizvan. Ancaq rəhbərlik bilir. Bu gün Rəşad Sadıqov futbolçu kimi Azəbaycan futbolunda hansı çəkiyə malikdirsə, Rizvan Fərzəliyev də futzalımızda eyni çəkidədir. Yəni, karyerasını bitirməmişlər arasında futbolçu adı çəkiləndə ilk yaşa Rəşad, futzalçı adı çəkiləndə isə Rizvan düşür. Hesab edin ki, Rəşad Sadıqov «Qarabağ»dan bu formada uzaqlaşdırılıb. Düzdür, bunu təsəvvür etmək çətindir. Amma fakt budur ki, eyni hal Rizvanın başına gətirildi…»

 

«Bu insanın böyük xidmətləri olub. Ömrünü Azərbaycan futzalına həsr edib. Quru "sağ ol"u belə haqq etmirdi?». Bu sözlər isə sportfm.az saytının rəhbəri Araz Əhmədova məxsusdu. Araz bəy oxşar halın uzun illərdir davam etdiyini və bu dəfə Rizvan Fərzəliyevin başına gəldiyini söylədi: «Futzalçıları ən çox üzən onlara qarşı biganəlikdi. Bu «ənənə» neçə ildir davam edir. Rizvan da Allahverdi Babayevin, Mahir Eyniyevin, Ağatahir Əzimovun və digərlərinin aqibətini yaşadı. Əgər yığma komandanın kapitanına qarşı belə münasibət varsa, görün indi digərləri nələrdən keçir.

 

Ola bilər ki, «Araz»da gəncləşdirmə siyasəti aparılır və yaxud baş məşqçi Alesio da Silva Rizvanı heyətdə görmək istəmir. Ancaq bu klub rəhbərliyinə kapitanı sağollaşmadan komandadan göndərmək haqqını vermir. Rizvan hələ ki, yüksək səviyyədə oynaya biləcək durumdadı. Düşünürəm ki, oynayacaq da».

 

Sport24.az saytının əməkdaşı, vaxtilə futzalçı həyatı yaşamış Ceyhun Əliyevin məsələyə münasibəti isə həmkarlarından bir qədər fərqli oldu: «Yanılmıramsa, Rizvan Fərzəliyev klubunda oynamasının qarşılığında məvacib alıb. Yəni, burada hansısa təmənnasız xidmətdən söhbət getmir. “Araz” son 10 ildə ölkənin ən zəngin klubu olubsa, Fərzəliyev də ən yüksək məvacib alıb. Ümumiyyətlə, əmək müqaviləsi işə götürənlə işləyənin öhdəliklərini əhatə edən bir sənəddirsə, işəgötürənin öhdəliyi maaşı, mükafatları ödəməkdi. İşləyən də bunun qarşılığında bacardığının ən yaxşısını etməlidi. Ki, növbəti mövsüm də onun xidmətində maraqlı olsunlar. Yəni, müqavilə müddəti bitdikdən sonra Fərzəliyev də çantasını götürüb getmək hüququna sahibdi, klub da onun xidmətindən imtina edə bilər.

 

Məsələnin mənəvi tərəfinə gəlincə, qarşılıqlı təşəkkür futbol etiketi hesab olunur. Ancaq yenə də məsələyə peşəkar prizmadan yanaşılmasının tərəfdarıyam. Fərzəliyevin giley-güzarından xəbərim var. Bəs, əks tərəf – “Araz” rəhbərliyinin fikri öyrənilibmi? Sual ritorikdi, çünki məlum məsələdir ki, öyrənilməyib. Bəs, bunu bilmədən, məsələylə bağlı necə rəy bildirmək olar?»

 

Ceyhun bəyin iradından sonra «Araz» rəhbərliyi ilə bir daha əlaqə saxladıq. Amma heç kimdən məsələyə münasibət, verilən qərarın səbəblərini öyrənmək mümkün olmadı.


Digər xəbərlər

Xəbər xətti