Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, İstanbul klubu bir neçə gün öncə danışıqlara başladığını açıqladığı Henri Onyekurunu rəsmən heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Nigeriyalı futbolçu İngiltərənin “Everton” klubundan icarəyə götürülüb. Onunla 1 illik icarə müqaviləsi imzalanıb.
“Qalatasaray” Onyekurunun 1 illik icarəsinə görə Premyer Liqa təmsilçisinə 800 min avro ödəniləcəyini açıqlayıb. 21 yaşlı futbolçu özü isə qarşıdakı mövsümdə İstanbul təmsilçisində 1 milyon 200 min avro gəlir əldə edəcək. Komandasının uğurlu çıxışı müqabilində onun əlavə bonuslar qazanmaq şansı da var.
Gənc hücumçu artıq Türkiyə klubunun düşərgəsinə qoşulub və məşqlərə başlayıb.