Azərbaycan millisinin üzvü, “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda yeni klubu “Astana”nın heyətində Çempionlar Liqasında iştirak edə biləcək.
Sportarena.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, millimizin yarımmüdafiəçisinin adı “Astana”nın iştirak ərizəsinə daxil edilib. ÇL-in 1-ci təsnifat mərhələsində Monteneqro “Sutyeska”sı ilə qarşılaşacaq Qazaxıstan təmsilçisi səfərə 22 futbolçu ilə yollanıb. “Astana”nın baş məşqçisi Roman Qriqorçuk Almeydanı da ÇL matçı üçün iştirak ərizəsinə daxil edib.
“Sutyeska” - “Astana” görüşü iyulun 18-də keçiriləcək. Qazaxıstanda keçirilmiş ilk qarşılaşmada meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.