Futbol üzrə Fransa millisi tarixində 2-ci dünya çempionu olub.
Sportarena.az xəbər verir ki, Didye Deşamın çalışdırdığı komanda buna Rusiyanın ev sahibliyi etdiyi DÇ-2018-in finalında Xorvatiya yığmasına 4:2 hesabıyla qalib gələrək nail olub.
Fransızlar ilk çempionluğunu düz 20 il öncə öz ölkəsində keçirilən dünya çempionatında qazanmışdılar. Onlar DÇ-1998-in həlledici matçında Braziliyaya 3:0 hesabıyla qalib gəlmişdilər. Deşam həmin yığmanın kapitanı kimi kuboku başı üzərində qaldırmışdısa, bu dəfə baş məşqçi kimi eyni sevinci yaşayıb.
İndiyədək 21 dəfə keçirilən dünya çempionatını ən çox qazanan Braziliya millisi olub - 5 dəfə (1958, 1962, 1970, 1994, 2002). Almaniya (1954, 1974, 1990, 2014) və İtaliya (1934, 1938, 1982, 2006) yığmalarının hesabında 4 çempionluq var. Fransa 2-ci çempionluğu ilə Uruqvay (1930, 1950) və Argentina (1978, 1986) millilərinə çatıb. İngiltərə (1966) ilə İspaniya (2010) yığmaları hərə 1 dəfə dünyanın ən güclüsü olub.