“Neftçi”nin hücumçusu Baqali Dabo Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Uypeşt” üzərində ilk oyundakı qələbənin (3:1) memarlarından biri oldu. Onun ilk qolu hesabı bərabərləşdirdi, ikinci qolu isə “ağ-qaralar”ı önə çıxardı.
Sportarena.az xəbər verir ki, "Neftçi”yə bu yay “Qəbələ”dən keçən Dabo, cavab oyunu ilə bağlı fikirlərini klubun rəsmi saytına bölüşüb:
"Təbii ki, qələbəyə görə şadıq. Hesabda geridə olsaq da, matçı çevirə bildik. Bilirəm ki, Budapeştdə bizə ikiqat ağır olacaq, amma buna hazırıq”.
Fransalı forvard həm də cavab oyununa hazırlığı dəyərləndirib:
"Var gücümüzlə işləyirik. Budapeştə ancaq və ancaq qələbə üçün yollanırıq”.
"Uypeşt”ə qarşı "Neftçi”nin heyətində ilk rəsmi oyununa çıxan Dabo, komandada xoşbəxt olduğunu bildirib:
"Özümü çox yaxşı hıss edirəm. Həm meydanda, həm meydanın kənarında uşaqlarla çox mehribanıq. İnanıram ki, gələcəkdə "Neftçi” üçün bundan daha da faydalı olacam”.